Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakının Nizami rayonunda, C.Naxçıvanski küçəsi 34 ünvanında fiziki şəxs İzayət İsmayıl oğlu İsmayılova məxsus alkoqolsuz içkilərin emalı müəssisəsində yoxlama aparıblar.
Doğru.az xəbər verir ki, yoxlama zamanı texniki normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, şüşə butulkaların yuyulması, etiketlənməsi və saxlanılması üçün sahənin ayrılmadığı, məhsulların üzərində istehsalçı və ünvan barədə yanlış məlumatların göstərildiyi aşkarlanıb.
Bundan başqa, istifadə edilən qida əlavələrinin yararlılıq müddətinin bitdiyi və müşayiətedici sənədlərinin olmadığı, “Aqua Mineral” və “Vesyolıy Kruq” əmtəə nişanlı içkilərin etiketlərində səhvlər olduğu bildirilib. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib olunub və nöqsanlar aradan qaldırılana qədər istehsalın dayandırılması barədə qərar qəbul edilib.
DOĞRU.AZ





























