Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) bank və bank olmayan kredit təşkilatlarının rəsmi səhifələrinə bənzər saxta platformalar yaradaraq sosial mediada aşağı faizli kredit elanları paylaşan haker şəbəkəsinə qarşı əməliyyat keçirib.
Doğru.az xəbər verir ki, əməliyyat-texniki tədbirlər zamanı bir qrup vətəndaşın bank kartı məlumatlarının ələ keçirilməsi üsullarında oxşar cəhətlər müəyyən edilib.
Araşdırmalar nəticəsində 500-ə yaxın şəxsə qarşı qabaqcadan əlbir olaraq kiberdələduzluq əməlləri törədən 23 yaşlı Kənan Qasımov və 30 yaşlı İmam İşməmmədov saxlanılıb.
Məlum olub ki, onlar real bank saytlarına vizual baxımdan bənzəyən fişinq səhifələr yaradaraq vətəndaşları aşağı faizli kredit elanları ilə aldadıblar. Zərərçəkənlər saxta elanlara inanaraq CVV və OTP təhlükəsizlik kodlarını həmin şəxslərə göndəriblər. Nəticədə kart məlumatlarını ələ keçirən şəxslər vətəndaşların hesablarına daxil olaraq pulları talayıblar.
Əldə edilən vəsaitlərin izini itirmək məqsədilə pullar onlayn kazino platformalarına və müxtəlif hesablara köçürülərək nağdlaşdırılıb. Saxlanılan şəxslər ilkin ifadələrində bu yolla 400 min manata yaxın maddi vəsait ələ keçirdiklərini etiraf ediblər.
Faktla bağlı cinayət işi başlanılıb. Kənan Qasımov və İmam İşməmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
DİN vətəndaşlara bir daha müraciət edərək bildirir ki, kredit və maliyyə əməliyyatları ilə bağlı yalnız Mərkəzi Bank tərəfindən lisenziya verilmiş rəsmi maliyyə qurumlarına müraciət edilməli, şübhəli linklərə daxil olunmamalı və kart məlumatları üçüncü şəxslərə ötürülməməlidir. Riskli hallarla qarşılaşdıqda dərhal polisə məlumat verilməsi tövsiyə olunur.
DOĞRU.AZ




























