Nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmək hələ də yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biridir. Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, ötən həftə ölümlə nəticələnən qəzalar arasında sərxoşluq amili hələ də aktualdır.
Doğru.az xəbər verir ki, görülən nəzarət-profilaktik tədbirlər nəticəsində sərxoş sürücülərin səbəb olduğu qəzaların sayı ötən ilin 11 ayı ilə müqayisədə 12 fakt azalaraq 7-yə düşüb. Lakin toy və digər şadlıq mərasimlərində sərxoş halda sükan arxasına əyləşən sürücülərin olması təhlükənin hələ də mövcud olduğunu göstərir.
BDYPİ bildirir ki, sərxoş halda avtomobil idarə etmək yalnız sürücüyə deyil, digər yol iştirakçılarına və onların ailələrinə də ciddi təsir göstərir. Hər belə hadisə bir neçə ailənin həyatında silinməz iz buraxır.
“BDYPİ sürücülərə xatırladır: sərxoş halda sükan arxasına əyləşmək ağır və geriyə dönüşü olmayan nəticələrə səbəb olur. Özünüzün və başqalarının həyat və sağlamlığına qarşı məsuliyyətli olun”, – məlumatda qeyd olunub.
DOĞRU.AZ




























