Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov noyabrın 30-u və dekabrın 1-də Gəncə Şəhər Baş Polis İdarəsində vətəndaşlarla görüş keçirib.
Doğru.az xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, nazir görüşdən əvvəl Ümummilli Lider Heydər Əliyevin Gəncədəki abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad edib.
Baş Polis İdarəsində keçirilən qəbulda Gəncə, Goranboy, Daşkəsən, Naftalan, Göygöl, Samux, Kəlbəcər, Xocalı və digər bölgələrdən gələn 384 vətəndaşın müraciətləri dinlənilib. Müraciətlərin böyük hissəsi yerindəcə həll olunub, qalanları isə nəzarətə götürülərək icrası üçün aidiyyəti qurumlara tapşırıqlar verilib.
Səfər çərçivəsində Vilayət Eyvazov Daxili Qoşunların Gəncə şəhərindəki hərbi hissəsində də olub, hərbi qulluqçuların xidmət və sosial-məişət şəraiti ilə tanış olub. Nazir həmçinin Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan hərbi qulluqçuların xatirəsinə ucaldılmış abidəni ziyarət edib.
Sonda polis və daxili qoşunlarda xidmət etmək istəyən gənclərin sıra baxışı keçirilib. Vətən müharibəsinin 42 iştirakçısının da qatıldığı baxışda 362 namizəd növbəti seçim mərhələsinə buraxılıb.
DOĞRU.AZ































