Azərbaycan vətəndaşlarından ibarət qanunsuz silahlı birləşmələrin yaradılması və onların xarici xüsusi xidmət orqanları tərəfindən kəşfiyyat-pozuculuq, terror-təxribat məqsədləri üçün istifadə olunması ilə bağlı daxil olan məlumatlar əsasında kompleks araşdırma tədbirləri həyata keçirilib.
Doğru.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, görülən müvafiq tədbirlərlə Azərbaycan Respublikasının hüdudlarından kənarda qanunsuz silahlı birləşmənin fəaliyyətinin təşkilində, xarici dövlətin rəsmi şəxslərinin güdülməsində və digər cinayət əməllərində iştirak edən, özlərini “kriminal aləm”in nümayəndələri hesab edən şəxslər müəyyən edilərək ifşa olunub.
Cinayət əməllərində şübhəli bilinən 1995-ci il təvəllüdlü Məmmədov Amid Saməddin oğlunun gizləndiyi yer müəyyən edilib və o, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Azərbaycana gətirilib.
Bundan əlavə, 1997-ci il təvəllüdlü Səfərov Nurlan İlham oğlu və 1983-cü il təvəllüdlü İsrafilov Edik Nəbi oğlu saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunublar.
Adları çəkilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1 və 279.1-ci maddələri ilə ittiham olunaraq, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
DTX bildirib ki, davam edən tədbirlər və cinayət məsuliyyətinə cəlb edilən digər şəxslərlə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
DOĞRU.AZ




























