image-2000x150px
image-img-20220111-wa0019backend

EHİM-in layihələri 40 milyon AZN-dən çox dövlət vəsaitinə qənaət edib

image-728x90px

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən 2018-ci il 14 mart tarixində yaradılıb. Fəaliyyət göstərdiyi dövr ərzində EHİM strateji əhəmiyyət kəsb edən bir çox rəqəmsal hökumət həllərinin ərsəyə gətirilməsini təmin edib. “ASAN Login” Vahid Giriş Sistemi, “myGov” şəxsi kabinet əsaslı elektron hökumət portalı, “ASAN Bridge” Milli Məlumat Mübadiləsi Sistemi, COVID-19 pasportunun operativ yoxlanılmasını təmin edən “CheckApp” mobil tətbiqi, “Rəqəmsal icra hakimiyyəti” portalı, “ASAN Viza”, “ASAN ödəniş”, “ASAN Finans”, “İcazələrin alınması və monitorinqi sistemi” və digər layihələr EHİM tərəfindən yaradılıb və hazırda uğurla idarə olunur.

EHİM öz fəaliyyəti haqqında ictimaiyyətə mütəmadi olaraq hesabatlar, o cümlədən maliyyə hesabatları təqdim edir. Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının qanununa əsasən (Maddə12-1.1) publik hüquqi şəxs olaraq EHİM-in maliyyə hesabatları Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (IFRS) uyğun şəkildə tərtib edilir və mühasibat uçotu müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi uçot qaydalarına uyğun aparılır. Eyni zamanda illik maliyyə hesabatları auditor rəyi ilə birlikdə rəsmi internet səhifələrində və ya mətbu orqanında dərc edilir.

Strateji dövlət əhəmiyyəti kəsb edən layihələrin icrasını həyata keçirmək üçün hər il dövlət büdcəsindən EHİM-ə büdcə vəsaiti ayrılır. Qeyd olunan büdcə vəsaiti mühasibat uçotu haqqında qanunun tələbinə uyğun olaraq Mərkəzin qəbul etdiyi və tərtib etdiyi IFRS-ə əsasən gəlir kimi tanınmır, dövlət büdcəsi tərəfindən kapital qoyuluşu kimi uçota alınır. Bununla yanaşı, EHİM öz fəaliyyəti nəticəsində əldə etdiyi gəlirdən hər ay ƏDV (Əlavə Dəyər Vergisi) və illik mənfəət vergisi ödəyir.

Qeyd edək ki, EHİM tərəfindən yaradılan milli resurslar, mərkəzləşdirilmiş və depozitar həllər, aparılan texniki optimallaşdırma işləri, habelə dövlət-özəl tərəfdaşlığı layihələri sayəsində 40 milyon AZN-dən çox dövlət vəsaitinə qənaət edilib.
EHİM tərəfindən cari ildə, habelə növbəti illərdə yeni rəqəmsal hökumət həllərinin yaradılması və bununla da əlavə olaraq 50 milyon AZN-dən çox dövlət vəsaitinə qənaət edilməsi nəzərdə tutulub.

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki