Nərimanov rayonunun Əhməd Rəcəbli küçəsinin Ziya Bünyadov prospekti ilə akademik Həsən Əliyev küçəsi arasında yerləşən 910 metr uzunluğa malik olan hissəsində aparılan təmir işləri artıq yekunlaşıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Doğru.az-a bildirilib ki, təmir işləri zamanı köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması, vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə zəruri yerlərdə piyada səkilərinin, həmçinin yolayrıcının bərpası, yeni səki daşlarının düzülməsi işləri icra olunub. Daha sonra küçənin sözügedən hissəsinə yeni asfalt-beton örtüyü döşənib.
Əhməd Rəcəbli küçəsində təmir işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla koordinasiyalı şəkildə aparılıb.
Sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işlərinin aparılması, zəruri yerlərdə yol nişanlarının quraşdırılması və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri aparılmaqla küçə müasir görkəmdə istifadəyə verilib.
DOĞRU.AZ