Sentyabrın 13-dən 15-dək keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran-prisinin fan-zona və konsert biletləri satışa çıxarılıb.
Doğru.az xəbər verir ki, hər il yenilənən əyləncə zonasındakı bulvar səhnəsində canlı musiqi performansları, müxtəlif zonalarda qurulmuş oyunlar, simulyatorlar, virtual reallıq təcrübələri, rəqslər yarış həftəsonunda fanatlara əsl festival ab-havası bəxş edəcək.
Azarkeşlər “Formula 1″in bütün aktivasiyalarını bu il fan-zonada görə biləcək, fan-forumda pilotları və onların komandalarını izləmək fürsəti əldə edəcəklər.
Foto həvəskarları üçün quraşdırılmış iri “Formula 1” dekorasiyaları, retro maşınların sərgisi, canlı heykəllər, “selfie” zonalar ən yaddaqalan kadrlar çəkmək üçün mükəmməl fürsət təqdim edir.
Əyləncə zonasında böyüklərlə yanaşı, uşaqlar üçün də müxtəlif növ oyunlar və fəaliyyətlər təklif olunur.
Həmçinin bu gündən etibarən yarış həftəsində baş tutacaq konsert proqramlarına ayrıca biletlərin satışına start verilib.
13-14 sentyabr tarixlərində keçiriləcək möhtəşəm konsertlərdə musiqi dünyasının ən böyük ulduzları – Uill Smit, Black Coffee və J Balvin çıxış edəcək.
DOĞRU.AZ