image-n1karobka_ads
image-123
image-316jilqrqyqam76mykfxz86mw92bvdzyfk9vlqau_1200backend

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva YARAT Müasir İncəsənət Məkanında olub – FOTO

image-ad_qayo_720x110px

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva YARAT Müasir İncəsənət Məkanında olub

Aprelin 15-də “YARAT” Müasir İncəsənət Mərkəzinin XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində “Bir zamanlar dəniz” adlı qrup sərgisinin açılışı olub. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və “YARAT” Müasir İncəsənət Məkanının təsisçisi, rəssam Aida Mahmudova sərgi ilə yaxından tanış olublar.

AZƏRTAC xəbər verir ki, sərgidə Azərbaycan sənətçilərinin rəngkarlıq, qrafika, fotoqrafiya, video və instalyasiya əsərləri təqdim olunub.

Sərginin kuratoru Zəhra Məmmədova bildirib ki, sərgi Xəzər dənizi ilə onun ətrafında əsrlər boyu yaşayan insanlar arasında formalaşmış psixoloji, mədəni və arxetipik əlaqələri araşdırır. O, sərginin əsas ideyasının havaylı tədqiqatçı Karin İnqersoll tərəfindən irəli sürülmüş “dəniz epistemologiyası” anlayışına istinad etdiyini vurğulayıb.

“Onun təbirincə, dəniz, sadəcə, bir coğrafi məkan deyil, həm də dünyanı dərk etməyin və formalaşmağın bir yoludur. Bu mənada Xəzər insanın öz kimliyini, tarixini və arzularını oxuya biləcəyi bir məkana çevrilir. Sərgidə dənizə yalnız baxılmır, həm də onunla qarşılaşma baş verir. Multidisiplinar yanaşma vasitəsilə ekspozisiya su ilə münasibətlərimizin canlı arxivinə, ekoloji itki, mədəni unudulma və bağın yenidən qurulması ehtimalı üzərində həm poetik, həm də tənqidi düşüncəyə çevrilir.

Elmi proqnozlara görə, çağdaş əsrin sonuna qədər Xəzər dənizinin sahəsi 25 faizə qədər azala bilər. Tarix boyu Xəzərin su səviyyəsi dövri şəkildə dəyişmiş olsa da, bu gün baş verən proseslər geri dönməz xarakter daşıya və birbaşa antropogen dövrlə əlaqəli ola bilər”, – deyə kurator əlavə edib.

Sərginin, həmçinin filosof Həsən Quliyevin “Arxetipik azərilər: mentalitetin simaları” kitabına istinad olunduğunu diqqətə çatdıran Zəhra Məmmədova söyləyib: “Bu əsərdə dənizin əksər hallarda müqəddəs bir varlıqdan daha çox təhlükə və ya resurs kimi qəbul edildiyi qeyd olunur. Sərgi belə bir sual ortaya qoyur: görəsən, bu yanaşma dəyişə bilərmi? Xəzər dənizi itki yeri olmaqla yanaşı, eyni zamanda, qayğı göstərilən, təxəyyülü oyadan və mənəvi bağlar quran bir varlıq kimi yenidən mənalandırıla bilərmi?”.

Ekspozisiya dənizlə həm tarixi, həm də müasir perspektivdən tanışlığı təklif edir. Sovet dövrü Azərbaycan sənətçilərinin əsərləri və arxiv materialları Xəzərin əsrlər boyu Azərbaycan şüurunun periferiyasında necə mövcud olduğunu nümayiş etdirir: görünən, lakin uzaq, istismar olunan, lakin nadir hallarda canlı orqanizm kimi qəbul edilən. Müasir sənətçilər isə bunun əksinə olaraq, Xəzəri incə və intim bir məkan kimi təsvir edirlər. Müxtəlif media vasitəsilə insanla dəniz, keçmişlə indi, yaddaşla unudulma arasında dialoq qururlar”.

Sərgidə Nadir Eminov, Baba Əliyev, Müseyib Əmirov, Ənvər Əsgərov, Lətif Feyzullayev, Hüseyn Haqverdiyev, Mirnaib Həsənoğlu, Gündüz Hunlar, Zakir Hüseynov, Fərhad Xəlilov, Fikrət İbrahimli, Ülviyyə İman, Nadir Qasımov, Novruz Məmmədov, Oqtay Mirqasımov, Aleksandr Mişon, Elvin Nəbizadə, Elnarə Nəsirli, Maral Rəhmanzadə, Rais Rəsulzadə, Əli Rza, Aliya Bayramova & Timur Zaripov, Mirnadir Zeynalov və CHINGIZ kimi müxtəlif nəsillərə mənsub sənətçilərin əsərləri nümayiş olunur.

Tədbir çərçivəsində kurator və yazıçı Dərya Yücel, müstəqil kurator və “Artcom” platformasının təsisçisi Aigerim Kapar və rəssam CHINGIZ-in iştirakı ilə “Xəzər dənizinin kölgəsi mövzusuna həsr olunmuş panel müzakirə də aparılıb.

Sonda Xalq artisti Oqtay Mirqasımovun 1965-ci ildə ekranlaşdırdığı “Dəniz” adlı sənədli film nümayiş olunub.

Nümayişdən əvvəl çıxış edən Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev qeyd edib ki, ötən əsrin 60-cı illərində sənədli filmlərə yeni nəfəs gətirən nümunələr meydana çıxmışdı. Bu filmlərin özünəməxsus poetik dünyası var. “Dəniz” filmi də məhz bu dövrün məhsuludur.

Ekran əsərinin çoxulduzlu aktyor heyətinə məxsus olduğunu diqqətə çatdıran C.Quliyev deyib: “Ekran əsəri cəmi 17 dəqiqə davam edir və dialoqdan istifadə olunmur. Sadəcə, musiqi və səslərlə müşayiət olunur. Musiqi isə əsasən dənizi təsvir edir və onun ovqatını ötürür”.

DOĞRU.AZ

image-uzuyvscuhl05enuj89b3x3bdwtdl99teujrsswth_640 image-nmlyexgra0faxd6prsvnzm6d9elo3dd3yhothx8s_640 image-01ckoskyyoahnzqq3hivzog4wsyf9wfh25anxduc_640 image-1gv7w2kp0p2dnx53luv7nireupocihslykwxicml_640 image-6py40rjvnubq1emploslnpk7ym6cxprwecqyykzv_640 image-dlmoplyloxycpfpg569cgfhn3acoogtvcyicbf1p_640 image-vogmfdofei9asdepwvlhkn3cmpzcjxh97goca3kd_640 image-fkuj7otkfaht9c4n9luantpxgsieyhmlnwe2dwfw_640 image-lnh0crefdrq1d7ckp9i0uxg2ysmkcpmk4oq8zehu_640 image-yrapcrkzosf72mfekzgusrhyuxrrewf9dfvymv8s_640 image-wczd4zdwhx8xhu0726ix3s3hz68lzp43dkldky6x_640 image-n0i74aags16kpmk0xnigftcjb5hb2za7odjpcm2m_640 image-m9v2o7d72jh6j2uh25caq9h0trjylg7y0n9wpdwv_640 image-lzcl2twkaa5vff0mem8fcfhs1cqu3rmrsxy8ck52_640 image-vdzy4xiaepcrbwkp83kfniygcxhcgqco3stokgel_640 image-vdzy4xiaepcrbwkp83kfniygcxhcgqco3stokgel_640-1

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki