Yəmənin şimalını idarə edən Ənsar Allah (Husi) hərəkatı Qırmızı dənizdə Amerikanın “Pinokkio” gəmisinə dəqiq hücum etdiyini açıqlayıb.
Bu barədə Yəmənin SABA xəbər agentliyinə istinadən Əl-Cəzirə telekanalı məlumat yayıb.
Husilərin sözçüsü Yəhya Sariyanın sözlərinə görə, zərbə dəqiqliklə həyata keçirilib. Hərəkat daha əvvəl İsraillə əlaqəli gəmilərə hücum etmək niyyəti barədə xəbərdarlıq edərək, digər ölkələri ekipajlarını geri çağırmağa və dənizdə onlara yaxınlaşmamağa çağırıb. Artıq bir neçə gəmiçilik şirkəti Qırmızı dəniz vasitəsilə daşımaları dayandırıb.
Husilər bildiriblər ki, onların hərəkətləri Qəzza zolağında fələstinlilərə dəstək olmaq məqsədi daşıyır və regionda naviqasiya azadlığına mane olmayıb. Bununla belə, ərəb və müsəlman ölkələri ABŞ-a xəbərdarlıq ediblər ki, İsrailin Qəzzada dəstəklənməsi münaqişənin bütün Yaxın Şərqdə genişlənməsinə gətirib çıxara bilər. ABŞ və Böyük Britaniya Yəməni bombalamağa başladıqdan sonra husilər gəmilərini hərbi hədəflər elan etdilər.
Mənbə: A Haber