AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının (FIAP) Honkonq, Serbiya və Türkiyədə keçirdiyi nüfuzlu beynəlxalq fotomüsabiqələrdə yüksək mükafatlara layiq görülüb.
Honkonqda təşkil olunan “The 5th HKCCPA International Salon 2025” müsabiqəsində 47 ölkədən 224 fotoqraf iştirak edib. İlqar Cəfərovun “Athlete Willpower” adlı fotosu fotojurnalistika nominasiyasında FIAP-ın qızıl medalını qazanıb.
Serbiyada keçirilən “Good Light 2025” müsabiqəsində onun “Near the attraction” fotosu “MASTER OF LIGHT GOLD PLAQUETTE” mükafatına layiq görülüb. Elə həmin ölkədə FIAP tərəfindən keçirilmiş “PhotoEXPO 2025” müsabiqəsində isə “There was our house” və “Night tragedy” fotoları ilə iştirak edən Cəfərov müvafiq olaraq FIAP-ın fəxri lenti və IAAP-ın gümüş medalını qazanıb.
Türkiyədə keçirilmiş “Qadın və idman” mövzusundakı beynəlxalq müsabiqəyə 23 ölkədən 245 fotoqraf 811 foto təqdim edib. İlqar Cəfərovun təqdim etdiyi 4 fotonun hamısı sərgiyə seçilib və o, “Ən yaxşı fotoqraf” adına layiq görülüb.
İlqar Cəfərovun bu uğurları Azərbaycan fotojurnalistikasının dünya miqyasında tanınmasına mühüm töhfə verir.
DOĞRU.AZ