Həkim-immunoloq İrina Yartseva veypinq, elektron siqaret və qəlyan istifadəsinin xüsusilə yeniyetmələr və gənclər üçün orqanizmə ciddi zərər vurduğunu bildirib.
Doğru.az xəbər verir ki, RT-yə müsahibəsində mütəxəssis qeyd edib ki, tənəffüs yolları yalnız təmiz və nəmli hava üçün nəzərdə tutulub və hər hansı yad maddə qıcıqlanma yaradaraq onun normal fəaliyyətini pozur. Onun sözlərinə görə, istənilən yanan və ya qızdırılan maddə tənəffüs sistemi üçün təhlükəlidir.
Yartseva vurğulayıb ki, elektron siqaretlərin tərkibində olan propilen qlikol qızdırıldıqda kimyəvi maddəyə çevrilir və bu cür maddələr insan sağlamlığı üçün faydalı hesab edilə bilməz.
Mütəxəssis qəlyanların da təhlükəsiz olmadığını bildirib. Onun sözlərinə görə, qəlyan tütünü müxtəlif kimyəvi məhlullarda isladılır və sudan süzülməsi onun zərərsiz olması demək deyil.
İrina Yartseva yeniyetmələrin bu məhsullara asan çıxışından ciddi narahatlıq ifadə edərək qeyd edib ki, gənc toxumalar daha həssas olur və erkən yaşda yaranan xəstəliklər daha aqressiv şəkildə inkişaf edir.
Həkim veypinqin uzunmüddətli təsirləri ilə bağlı hələ kifayət qədər araşdırmaların aparılmadığını da diqqətə çatdırıb. Onun sözlərinə görə, zamanla ağız selikli qişasının zədələnməsi, xora və hətta melanoma kimi ciddi xəstəliklər yarana bilər.
Bundan əlavə, Yartseva elektron siqaret və veyplərin asılılıq yaratma sürətinin adi siqaretlərdən daha yüksək olduğunu bildirib və bu cihazlardan tez-tez istifadə edilməsinin asılılığı gücləndirdiyini vurğulayıb.
Sonda həkim siqaretin bütün növlərindən uzaq durmağa çağıraraq, bu vərdişin yüksək stress və narahatlıq səviyyəsinin göstəricisi olduğunu və əsas səbəblərin aradan qaldırılmasının vacibliyini qeyd edib.
Qeyd edək ki, daha əvvəl Dövlət Duması ictimai nəqliyyat dayanacaqlarında tütün və veyp satışını qadağan edən qanun qəbul edib.
DOĞRU.AZ




























