Yaxın Şərqdə gərginlik kritik həddə çatıb və İran ilə İsrail arasında davam edən qarşıdurma artıq regionun təhlükəsizlik balansını ciddi şəkildə sarsıdır.
Doğru.az Demokrat.az-a istinadən xəbər verir ki, Tehranın “Gerçək Vəd 4” əməliyyatı çərçivəsində Tel-Əviv istiqamətində həyata keçirdiyi kütləvi raket zərbələri müharibənin gedişində yeni mərhələ yaradıb. Rəsmi məlumatlara görə, İran İnqilab Keşikçiləri Korpusu əməliyyatın növbəti dalğasında İsrailin mərkəzində yerləşən onlarla hərbi və strateji hədəfi vurub. Hücumlarda “Hürremşehr-4”, “Kadir”, “Emad” və “Hayber Şiken” tipli ballistik raketlərdən istifadə edildiyi bildirilir.
Hadisələrin kəskinləşməsinə səbəb kimi İran Milli Təhlükəsizlik Ali Şurasının baş katibi Əli Laricaninin hava zərbəsi nəticəsində öldürülməsi göstərilir. Tehran bu hadisədən sonra genişmiqyaslı qisas əməliyyatına başladığını açıqlayıb.
İlkin məlumatlara əsasən, Tel-Əvivə düşən raketlər nəticəsində yüzlərlə insan həlak olub və ya yaralanıb. Şəhərin bəzi hissələrində elektrik enerjisinin kəsildiyi, dağıntılar altında axtarış-xilasetmə işlərinin çətin şəraitdə aparıldığı qeyd olunur.
Buna cavab olaraq İsrail ordusu Beyrut daxil olmaqla Livanın müxtəlif bölgələrinə hava zərbələrini gücləndirib. Paytaxtın mərkəzi hissələri və Dahiye ərazisi intensiv bombardmana məruz qalıb. Hücumlar nəticəsində ölən və yaralananların olduğu, dağıntılar altından cəsədlərin çıxarıldığı bildirilir.
Eyni zamanda Sayda yaxınlığında yerləşən yaşayış binasının da hədəfə alındığı qeyd edilir. İsrail ordusunun hücumdan əvvəl ərazi ilə bağlı xəbərdarlıq etdiyi bildirilsə də, zərbələrin ciddi dağıntılara səbəb olduğu vurğulanır.
Qeyd edək ki, fevralın sonundan başlayan qarşıdurma artıq minlərlə insanın həyatına son qoyub. Müxtəlif mənbələrə görə, həm İrana, həm də Livana edilən hücumlar nəticəsində çoxsaylı itkilər qeydə alınıb, yüz minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb. Regionda hərbi aktivliyin sürətlə artması və tərəflərin qarşılıqlı ağır zərbələri münaqişənin daha geniş coğrafiyaya yayılması riskini artırır. Beynəlxalq ictimaiyyət isə vəziyyəti narahatlıqla izləməyə davam edir.
DOĞRU.AZ


























