“AzerGold” QSC və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə “MEDİA Savadlılığı” Həftəsi çərçivəsində “Kreativ Media – Bakı” adlı məzmun müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.
Doğru.az xəbər verir ki, müsabiqə çərçivəsində “Süni intellekt və etika: təhlükəsiz rəqəmsal cəmiyyət”, “Müxtəlif sənayelər üzrə etibarlı məlumatlandırmanın təmini: dağ-mədən sənayesi” və “Media savadlılığı sosial məsuliyyətlilik kontekstində” mövzuları üzrə məqalələr qiymətləndirilib.
Nəticələrə əsasən, mükafatlandırılan 6 qalibdən 2-si BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbələri Nəzrin Xankişiyeva və Məryəm Abdullazadə olub.
Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri, strateji planlaşdırma və informasiya texnologiyaları departamentinin direktoru Ləman İsgəndərova bildirib ki, media sahəsində çağdaş tələblərə cavab verən kadrların hazırlanması vacibdir və “Kreativ Media – Bakı” müsabiqəsi bu istiqamətdə mühüm təşəbbüsdür.
“AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müşaviri Leyla Sadıxova müsabiqənin məqsədini media savadlılığının təşviqi, dezinformasiya ilə mübarizədə yeni yanaşmaların formalaşdırılması və gənclər üçün peşəkarlaşma imkanlarının genişləndirilməsi kimi izah edib. O, dağ-mədən sənayesinə dair yazıların “AzerGold” üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Tədbir çərçivəsində BDU-nun Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının dosenti Könül Niftəliyeva tərəfindən “Müasir yazı texnikaları və jurnalistika prinsiplərinin qorunması” mövzusunda təlim keçirilib.
DOĞRU.AZ






























