Oktyabrın 29-da Lerik rayonunda ilk dəfə “Lerik Eko Festivalı” təşkil olunub. Tədbir Dövlət Turizm Agentliyi və Lerik Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.
Doğru.az xəbər verir ki, festivalın əsas məqsədi yerli turizm məhsullarını tanıtmaq, kənd turizmini dəstəkləmək, bölgənin adət-ənənələrini və mədəni irsini təşviq etmək, həmçinin ekoturizm və aqrobiomüxtəliflik sahələrinin inkişafına dəstək vermək olub.
Festival çərçivəsində cənub bölgəsinin turizm, eko və aqroturizm potensialına həsr olunan sərgi, yerli istehsalçı və fermerlərin məhsullarının, eləcə də sənətkarlıq nümunələrinin yarmarkası keçirilib. Qonaqlar məhsulların dequstasiyasında iştirak edib, ustad təqdimatlarını izləyiblər.
Ziyarətçilər regionun ekoloji cəhətdən təmiz məhsulları ilə tanış olmaqla yanaşı, Lerikin turizm potensialını daha yaxından kəşf etmək imkanı əldə ediblər.
Tədbir musiqili proqram və folklor kollektivlərinin çıxışları ilə yekunlaşıb.
DOĞRU.AZ





























