Mayın 11-də, Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Xızı, Quba, Qax və Yevlax rayonlarında yaşayan uşaq və yeniyetmələr üçün xüsusi sosial aksiya həyata keçirilib. Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə keçirilən bu aksiya çərçivəsində hər rayondan 50 nəfər olmaqla, 6-18 yaş arasındakı ümumilikdə 200 uşaq və yeniyetməyə velosipedlər və təhlükəsizlik ləvazimatları hədiyyə olunub.
Bu təşəbbüsün əsas məqsədi regionlarda yaşayan uşaqların asudə vaxtlarını daha səmərəli keçirmələrinə şərait yaratmaq, onların idmana və sağlam həyat tərzinə marağını artırmaq, fiziki aktivliyi təşviq etmək və ekoloji nəqliyyat vasitəsi olan velosiped istifadəsini yaymaqdır. Tədbirdə iştirak edən uşaqlar təqdim olunan hədiyyələri böyük sevinclə qarşılayıblar və təşəbbüsə görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər.
Leyla Əliyeva tərəfindən həyata keçirilən bu tip layihələr, həm Azərbaycanda, həm də dünyanın bir çox ölkələrində sosial, təhsil, səhiyyə və ekoloji sahələri əhatə edən genişmiqyaslı humanitar layihələrdir. Bu təşəbbüslər, insanların sosial rifahını yaxşılaşdırmağa, həyat keyfiyyətini artırmağa və ətraf mühitin qorunmasına mühüm töhfələr verir.
DOĞRU.AZ