image-2000x150px
image-970x50px
image-10backend

Mart qırğınlarının 103-cü ildönümü ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksində anım mərasimi keçirilib – FOTOLAR

image-728x90px

Doğru.az xəbər verir ki,  Azərbaycanlıların soyqırımının 103-cü ildönümü ilə əlaqədar martın 31-də Quba Soyqırımı Memorial Kompleksində anım mərasimi keçirilib.

Mərasimdə mədəniyyət naziri Anar Kərimov, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Sonra Quba Soyqırımı Memorial Kompleksinin ərazisində faciə qurbanlarının xatirəsinə ucaldılan abidə ziyarət olunub. Qonaqlar daha sonra Quba Soyqırımı Memorial Kompleksində 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən foto və kitab sərgisi ilə tanış olublar. Mədəniyyət naziri Anar Kərimov kompleksin xatirə kitabına ürək sözlərini yazıb.

Anar Kərimov media nümayəndələrinə açıqlamasında bildirib ki, 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı dəstələri Azərbaycan xalqına qarşı xüsusi qəddarlıqla soyqırımı törədiblər. Erməni millətçiləri Bakıda, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakini məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetiriblər. Azərbaycanın Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrində kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirən düşmənin bu vandalizm əməlləri nəticəsində yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə yeksan edilib: “Ermənilər təkcə 103 il əvvəl deyil, 1990-cı illərin əvvəllərində də Azərbaycan ərazilərini işğal etməklə dinc insanlarımıza qarşı qətliamlar törədib, Xocalı soyqırımını həyata keçiriblər. Bu işğal nəticəsində insanlarımız öz doğma yurdlarından didərgin düşdülər. Bu, onun göstəricisidir ki, ermənilərdə nəsillər bir-birini əvəz etsə də, faşist ideologiyası dəyişmir və bu onların dövlət siyasətinin əsasını təşkil edir. 1918-ci ildə törədilən soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş bir cinayətdir. Məhz buna görə də bu məsələyə beynəlxalq müstəvidə qiymət verilməli və tanıdılmalıdır”.

Nazir bildirib ki, erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2009-cu il oktyabrın 30-da imzaladığı sərəncama əsasən, Heydər Əliyev Fondunun dəstəyi ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksi inşa edilib. 2013-cü il sentyabrın 18-də dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə kompleksin açılışı olub. Soyqırımı kompleksində yalnız Quba qəzasında deyil, Bakı quberniyasının Cavad, Göyçay, Şamaxı və Bakı qəzalarında törədilmiş soyqırımına dair məlumatların əks olunduğu tarixi sənədlər saxlanılır.

***

Qubaya səfər çərçivəsində Anar Kərimov Heydər Əliyev Mərkəzi, Abbasqulu ağa Bakıxanovun Ev-Muzeyi, Nügədi kəndində yerləşən qədim məscid, Quba Tarix-Diyarşünaslıq Muzeyi və “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun fəaliyyəti ilə tanış olub.

Anar Kərimov mədəniyyət müəssisələrinin fəaliyyətinin yüksəldilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.

DOĞRU.AZ 

image-1 image-3 image-4 image-2 image-5 image-6 image-7 image-9 image-8 image-10

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki