“Özəlləşdirmə çeklərinin yenidən tədavülə buraxılması vətəndaş ilə dövlət arasındakı etimadı artıracaq”.
Ulu Öndər Heydər Əliyevin yaratdığı Azərbaycan Konstitusiyasında insan hüquqları milli inkişafın ən vacib şərti kimi qəbul olunur. Belə ki, konstitusiyamızda insan və vətəndaş hüquq və azadlıqları ali dəyər kimi qiymətləndirilir. Təəsssüf ki, əksər vəzifəli şəxslər insan hüquqlarının müdafiəsi istiqamətində atılan addımlardan sui-istifadə edir və vətəndaşların hüquqlarını bilərəkdən pozurlar. Bu tendensiya özəlləşdirmə çekləri ilə bağlı məsələdə özünü açıq büruzə verib. Bu baxımdan Ulu Öndər Heydər Əliyevin sosial ədalət siyasətinə uyğun olaraq, o vaxtı vətəndaşlara verilən özəlləşdirmə çekləri də müəyyən qisim tərəfindən sui-istifadə halına məruz qaldı. Mövcud dövrümüzdə isə vətəndaşlar hələ də öz hüquqlarının bərpa olunacağına inanırlar.
Mövzu ilə bağlı siyasi şərhçi Turan Rzayev “Yeni Gündəm”-ə açıqlamasında vurğulayıb ki, bu məsələdə vətəndaşların indiki mövqeyi haqlıdır və əlində çeki qalan vətəndaşlara dəstək göstərilməlidir:
“Məsələ ondadır ki, Azərbaycanda özəlləşdirmə çeklərinin dövriyyəyə buraxılmasına 1996-cı il yanvarın 1-dən başlanılıb və bir neçə dəfə bu vaxt uzadılıb. Misal üçün, 2002-ci il yanvarın 1-nə, 2004-cü il iyulun 1-nə, 2008-ci il yanvarın 1-nə kimi çeklərdən istifadə müddəti artırılıb. Sonuncu dəfə 23 dekabr 2009-cu il tarixində tədavül müddəti artırılaraq 2011-ci il yanvar ayının 1-də başa çatıb. Hazırda isə özəlləşdirmə çeklərinin istifadə müddəti başa çatıb.
Hesab edirəm ki, özəlləşdirmə paylarının yenidən tədavülə buraxılması vacibdir. Çünki Azərbaycanda özəlləşdirmə çeklərinin bir neçə il öncə təkrar dövriyyəyə buraxılmasına baxmayaraq, bu şansdan yararlana bilməyən vətəndaşlar oldu. Onların çoxu hələ də ümid edirlər ki, nə vaxtsa yenidən çeklərini istifadə edə bilərlər.
Bu məsələdə dövlətin vətəndaşlara dəstəyi xüsusilə vacibdir.