image-n1karobka_ads
image-123
image-17593231711203837183_1200x630backend

Prokurorluq Orqanlarının 107 illiyi qeyd edilib – FOTO

image-ad_qayo_720x110px

Doğru.az xəbər verir ki, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb.

Sonra Baş prokuror Kamran Əliyev və prokurorluq əməkdaşları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini dərin ehtiramla yad edərək, məzarları üzərinə gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Daha sonra Baş Prokurorluğun inzibati binasında 1 oktyabr – Azərbaycan Respublikası Prokurorluğunun yaradılmasının 107-ci ildönümü münasibətilə tədbir keçirilib.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarında çalışan bütün əməkdaşları, veteranları, onların ailə üzvlərini peşə bayramı münasibətilə təbrik edib.

Çıxış zamanı Baş prokuror Kamran Əliyev ölkəmizin ictimai-siyasi həyatında son dövrdə baş verən mühüm hadisələrdən bəhs edib. Qeyd olunub ki, dövlətimizin başçısının Amerika Birləşmiş Ştatlarına (ABŞ) tarixi səfəri çərçivəsində Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin 2025-ci il avqustun 8-də Ağ Evdə paraflanması Azərbaycan Prezidentinin hərbi uğurlarından sonra növbəti siyasi nailiyyəti və qələbəsidir. Həmçinin 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə ABŞ Prezidenti tərəfindən Prezident İlham Əliyevlə görüş çərçivəsində Sərəncam imzalanması dövlətimizin başçısının diplomatik sahədə əsas uğurlarından biridir.

Bundan başqa vurğulanıb ki, Prezident İlham Əliyevin cari il sentyabrın 25-də BMT Baş Assambleyasının 80-ci sessiyasında 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın qarşısında açılan yeni mərhələni və bu mərhələnin regionda yaratdığı siyasi, iqtisadi və təhlükəsizlik reallıqlarını dünya ictimaiyyətinə çatdırdığı tarixi çıxışı, eləcə də ölkə başçısının regional və qlobal əhəmiyyətli təşəbbüsləri Azərbaycanın beynəlxalq nüfuzunun, suverenlik və ərazi bütövlüyünün tam bərqərar edilməsinin bariz göstəricisidir.

Baş prokuror bildirib ki, prokurorluq orqanlarının yaranmasının 107-ci ildönümü Vətən müharibəsində əldə olunan möhtəşəm Zəfərimizin 5 illiyi ilə eyni dövrə təsadüf edir. Məhz Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik rəhbərliyi, xalq-ordu birliyi nəticəsində dövlətimizin ərazi bütövlüyü bərpa olunub, işğaldan azad edilmiş torpaqlarda geniş bərpa-quruculuq işləri aparılır.

Kamran Əliyev 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsinin mühüm tarixi hadisə olduğunu vurğulayaraq, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Konstitusiyanın dövlətimizin müstəqilliyinin, hüquqi və dünyəvi dövlət quruculuğunun möhkəm təməli olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, məhz bu hüquqi əsaslar üzərində prokurorluğun müasir statusu və səlahiyyətləri müəyyən edilib.

Çıxış zamanı ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlərin təkcə Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə deyil, eyni zamanda, regionların sosial-iqtisadi inkişafına verdiyi mühüm töhfələr xüsusi vurğulanıb.

Baş prokuror Birinci vitse-prezident Mehriban Əliyevanın həyata keçirdiyi humanitar təşəbbüslərin, təhsil, mədəniyyət və sosial sahələrdə gördüyü genişmiqyaslı işlərin ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsində mühüm rol oynadığını xüsusi qeyd edərək bu sahədə əldə olunmuş nailiyyətlərdən danışıb, prokurorluq orqanlarının da dünya miqyasında nüfuzlu tərəfdaşlıqlarını daha da möhkəmləndirəcəyini diqqətə çatdırıb.

Kamran Əliyev prokurorluq orqanlarında son illərdə həyata keçirilmiş struktur dəyişiklikləri, şəffaf kadr siyasəti, maddi-texniki bazanın gücləndirilməsi, “Elektron Prokurorluq” İnformasiya Sisteminin tam şəkildə bütün prokurorluq orqanlarında tətbiqi, işğaldan azad edilmiş ərazilərdə prokurorluq orqanlarının fəaliyyətinin bərpası istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Qeyd olunub ki, prokurorluq işçilərinin 93 faizdən çoxu məhz müsabiqə yolu ilə seçilmiş gənc, peşəkar kadrlardan ibarətdir.

Çıxışın sonunda əminliklə qeyd olunub ki, hər bir prokurorluq əməkdaşı bundan sonra da fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına, ictimai-siyasi sabitliyin təmin edilməsinə və qanunçuluğun möhkəmləndirilməsinə həsr edəcək, dövlətimizin başçısı tərəfindən göstərilən yüksək etimadı doğrultmaq üçün bütün bilik və bacarığını səfərbər edəcək.

Daha sonra xidməti fəaliyyətlərində fərqləndiklərinə görə mükafatlandırılmış prokurorluq əməkdaşlarının təltif olunması, prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümü münasibətilə ali təhsil müəssisələrinin tələbə və kursantları arasında təşkil olunmuş interaktiv istintaq kvestinin, “Azərbaycan Respublikasının Konstitusiyası və Dövlət Suverenliyi” mövzusunda keçirilmiş hüquq viktorinasının, eləcə də prokurorluq əməkdaşları və veteranları arasında keçirilmiş şahmat turnirinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbir zamanı çıxış edən prokurorluğun veteranları Ələmdar Məmmədov və Mircavan Kazımov prokurorluq orqanlarının şərəfli inkişaf yolundan bəhs edərək, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə həyata keçirilən genişmiqyaslı islahatların prokurorluq orqanlarının fəaliyyətinə də müsbət təsir göstərdiyini vurğulayıblar. Veteranlar onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək, bu münasibəti prokurorluq ailəsinə verilən dəyərin bariz nümunəsi kimi qeyd edib, əməkdaşları peşə bayramı münasibətilə təbrik ediblər.

İştirakçılar Azərbaycanda prokurorluq orqanlarının yaranma tarixindən müasir dövrədək keçdiyi inkişaf mərhələlərini, ölkəmizdə qanunun aliliyinin təmin olunması və ədalətin bərqərar edilməsində oynadığı mühüm rolu əhatəli şəkildə əks etdirən, Azərbaycan Prokurorluğunun peşə bayramı və 107 illiyinə həsr olunmuş videoçarxa baxıblar.

Tədbirin yekununda Baş prokuror bir daha əməkdaşları təbrik edərək onlara peşəkar fəaliyyətlərində uğurlar arzu edib.

DOĞRU.AZ

image-175932317134457819_1200x630 image-17593231714128658320_1200x630 image-17593231715592443219_1200x630 image-1759323171320549203_1200x630 image-17593231711573165522_1200x630 image-1759323171654864566_1200x630 image-17593231714680138305_1200x630 image-17593231716512410910_1200x630 image-17593231715768665_1200x630 image-1759323171623593745_1200x630 image-1759323171354796915_1200x630 image-17593231711031910263_1200x630 image-17593231713796458545_1200x630 image-1759323171588323636_1200x630 image-17593231715645223763_1200x630 image-17593231715219860905_1200x630 image-17593231716071920430_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki