Şərur rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib.
Doğru.az xəbər verir ki, yarmarka kənd təsərrüfatı istehsalçılarının sertifikatlı toxumlara əlçatanlığının artırılması, toxumçuluq sektorunun inkişafı və fermerlərin innovativ texnologiyalarla tanışlığı məqsədilə təşkil olunub. Tədbirdə payızlıq taxıl, tərəvəz və yem bitkilərinin yüksək keyfiyyətli toxumları, meyvə və ting materialları, həmçinin yeni və məhsuldar sortlar nümayiş etdirilib.
Yarmarkada fermerlər dövlətin aqrar sahəyə yönəltdiyi dəstək mexanizmləri barədə məlumat alıblar, toxum təminatı və məhsuldarlığın artırılması üzrə mütəxəssislərlə görüşlər keçiriblər. Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Rafail Quliyev çıxış edərək sertifikatlı toxumların məhsuldarlığı artırdığını və bazara çıxış imkanlarını genişləndirdiyini bildirib.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev çıxışlarında tədbirin fermerlərin fəaliyyətinə, dövlət-özəl tərəfdaşlığının güclənməsinə və regionun aqrar inkişafına verdiyi töhfələrdən danışıb, innovativ texnologiyaların tətbiqinin vacibliyini vurğulayıblar.
Həmçinin Aqrar Sığorta Fondunun şöbə müdiri Əli Əhmədov tədbirdə fermerlərin gəlirlərinin qorunması məqsədilə muxtar respublika əkin sahələri və təsərrüfatlarının sığortalanmasından və ilk ödənişlərin həyata keçirilməsindən söz açıb.
Festival çərçivəsində sertifikatlaşdırılmış toxum sortlarının sərgisi və satışı, kənd təsərrüfatına dair müxtəlif məhsul və texnologiyaların nümayişi təşkil olunub. Tədbirdə “Dövlət-özəl tərəfdaşlıq çərçivəsində Aqronomların Naxçıvan Forumu” və “Aqrar sahədə dövlət dəstək mexanizmləri” panel müzakirəsi də keçirilib.
DOĞRU.AZ