Toy mərasimləri zamanı avtomobillərlə törədilən kobud qayda pozuntuları nəticəsində dəfələrlə faciəli hadisələrin yaşanmasına baxmayaraq, bu cür hallara hələ də rast gəlinir.
Doğru.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi toy karvanlarında iştirak edən sürücülərə bir daha xəbərdarlıq edib. Qeyd olunub ki, yeni ailə quran gənclərin sevincinə şərik olmaq məqsədilə karvanlara qoşulan sürücülər digər hərəkət iştirakçılarına qarşı üstünlüyə malik deyillər. Əksinə, bir neçə avtomobilin ardıcıl hərəkəti yol şəraitini daha da mürəkkəbləşdirir və məsuliyyətsiz davranışlar xoşagəlməz nəticələrə gətirib çıxara bilər.
Həmçinin vurğulanıb ki, karvanlarda nəqliyyat vasitələrinin sayının minimuma endirilməsi, bir zolaqda hərəkət edilməsi, ara məsafəsinin qorunması, optimal sürətin seçilməsi, sərxoş və sürücülük hüququ olmayan şəxslərə avtomobil etibar edilməməsi tədbirin təhlükəsizliyinin başlıca şərtləridir.
Yol Polisi toy sahiblərinə də müraciət edərək qonaqlara təhlükəsizlik qaydalarını xatırlatmağı, sürücülərə isə həm özlərinin, həm də digərlərinin həyatını riskə atan davranışlardan çəkinməyi tövsiyə edib.
DOĞRU.AZ