image-ads_n1karobka_mobile
image-1774856044-1818backend

Tramp administrasiyası GERİ ADDIM ATIR – PROSES BAŞLADI

image-add-a-heading

Donald Trump administrasiyası ABŞ-də yüz minlərlə müraciətin dayandırılmasına səbəb olan sərt sığınacaq siyasətini qismən yumşaltmaq qərarına gəlib.

“Yeni Sabah” xəbər verir ki, CBS News-un yaydığı məlumata görə, artıq əksər sığınacaq müraciətlərinin baxılması prosesi bərpa olunur.

Xatırladaq ki, ötən ilin noyabrında Vaşinqtonda baş verən silahlı insidentdən sonra bu proses tamamilə dayandırılmışdı. Hadisə zamanı Milli Qvardiyanın iki üzvü güllələnmiş, onlardan biri sonradan aldığı xəsarətlərdən həyatını itirmişdi. Hücumu törətməkdə isə 2025-ci ildə sığınacaq almış Əfqanıstan vətəndaşı ittiham olunurdu. Bu hadisədən sonra administrasiya milli təhlükəsizlik arqumentini əsas gətirərək, immiqrasiya məhkəməsindən kənarda təqdim olunan bütün sığınacaq müraciətlərini qeyri-müəyyən müddətə dondurmuşdu.

İndi isə yeni qərara əsasən, “yüksək riskli” hesab olunmayan ölkələrin vətəndaşları üçün bu məhdudiyyət aradan qaldırılır. ABŞ Daxili Təhlükəsizlik Nazirliyi də təsdiqləyib ki, artıq belə müraciətlər üzrə baxış prosesi yenidən aktivləşdirilib. Rəsmi açıqlamada bildirilir ki, bu addım resursların daha çox riskli hesab edilən işlərə yönəldilməsinə imkan verəcək.

Bununla belə, bütün məhdudiyyətlər aradan qalxmayıb. Tramp administrasiyasının genişləndirdiyi “travel ban” siyahısına daxil olan 39 ölkənin vətəndaşları üçün sığınacaqla bağlı qadağalar qüvvədə qalır. Həmin ölkələr sırasında Afrika, Asiya və Latın Amerikasından bir sıra dövlətlər – o cümlədən Əfqanıstan, İran, Somali, Nigeriya, Kuba, Haiti və Venesuela yer alır.

Eyni zamanda bu ölkələrin vətəndaşları üçün yalnız sığınacaq deyil, digər hüquqi immiqrasiya prosedurları da hələlik dondurulmuş vəziyyətdədir. Belə ki, iş icazələri, “green card” və hətta ABŞ vətəndaşlığı üçün müraciətlərə baxılması da dayandırılıb.

Bu qərar Tramp administrasiyasının immiqrasiya siyasətini sərtləşdirməyə yönəlmiş ümumi kursunun bir hissəsi kimi qiymətləndirilir. Rəsmi şəxslər bununla həm milli təhlükəsizliyi gücləndirməyi, həm də immiqrasiya sistemində sui-istifadə hallarının qarşısını almağı hədəflədiklərini bildirirlər. Lakin immiqrasiya tərəfdarı təşkilatlar bu yanaşmanı tənqid edərək, qaydalara uyğun hərəkət edən qanuni miqrantların cəzalandırıldığını vurğulayırlar.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki