“Usuboğlu Group” tərəfindən təşkil olunan və Türkiyə ilə Azərbaycan iş dünyasının aparıcı nümayəndələrini bir araya gətirəcək bu görüş, iki ölkə arasında iqtisadi əlaqələri gücləndirmək və yeni işgüzar əməkdaşlıqlar qurmaq məqsədilə keçirilir.
31 Avqust 2024-cü il tarixində saat 13:30-da İstanbulda Kabataş İskeləsindən yola çıxacaq gəmidə təşkil ediləcək “Trade Wind” adlı bu tədbir, Türkiyə və Azərbaycanın investorları, sahibkarları və dövlət adamları üçün strateji iş imkanları təqdim etməyi hədəfləyir.
Usuboğlu Group’un İdarə Heyətinin sədri, hüquqşünas Samiral Usuboğlunun Doğru.az-a verilən məlumata görə, bu tədbir, iki ölkə arasında mövcud olan əməkdaşlıq potensialını artırmağı və iqtisadi əlaqələri dərinləşdirməyi məqsəd qoyur.
Samiral Usuboğlu bəyanatında bu görüşün Türkiyə və Azərbaycan arasındakı ticarət əlaqələrində yeni bir dönüm nöqtəsi olacağını və tərəflər arasında güclü iş əlaqələrinin qurulmasına vəsilə olacağını vurğulayıb.
Proqram, beynəlxalq əməkdaşlıq mövzularında mütəxəssis məruzəçilərin iki ölkə arasındakı iqtisadi potensial, ticarət imkanları və birgə investisiya sahələri haqqında dəyərləndirmələri ilə davam edəcək.
Görüş Türkiyə və Azərbaycanın mədəni irsini əks etdirən milli rəqs nümayişi ilə zənginləşdiriləcək. Ardınca, Azərbaycanın tanınmış sənətkarlarından Elnara Abdullayevanın verəcəyi musiqi dinləməsi ilə iştirakçılar, görüşün rəsmi atmosferini daha sosial bir müstəvidə davam etdirmək imkanı tapacaqlar.
Tədbirin sonrakı saatlarında keçiriləcək after party isə iştirakçılara sosial mühitdə iş əlaqələrini inkişaf etdirmək üçün uyğun bir zəmin yaradacaq. Bu cür təşkilatlar, iki ölkə arasında mövcud olan əməkdaşlıq potensialını artırmaq və iqtisadi əlaqələri dərinləşdirmək üçün mühüm imkanlar kimi qiymətləndirilir.
Görüş zamanı təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyədə təmin olunacağı və iştirakçıların rahatlığının təmin ediləcəyi bildirilir.
Qeyd edılır ki, Usuboğlu Group’un ev sahibliyi ilə baş tutacaq bu tədbir, Türkiyə və Azərbaycan iş dünyası üçün strateji bir dönüm nöqtəsi olma potensialına malikdir. İştirakçılar, peşəkar şəbəkələrini genişləndirmək və yeni investisiya imkanlarını araşdırmaq imkanı əldə edəcəkləri bu mühüm görüşdə, iki ölkə arasındakı iqtisadi əməkdaşlıq daha da irəliyə daşınacaqdır.
DOĞRU.AZ