Xırdalan şəhərində gecə saatlarında sakinlərin rahatlığını pozan, yüksək səs effekti yaradan motosikletlər və digər nəqliyyat vasitələri ilə bağlı polis əməkdaşları tərəfindən tədbirlər həyata keçirilib.
Doğru.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, keçirilən reydlər zamanı motosikletlərinə bilərəkdən müdaxilə edərək səs gücünü artıran 12 nəfər saxlanılıb və onlar barəsində müvafiq qaydada inzibati tədbirlər görülüb.
Bundan əlavə, avtomobillərində konstruksiya dəyişikliyi edən, sərxoş vəziyyətdə və sürücülük hüququ olmadan sükan arxasına keçən şəxslər, tütün məmulatlarının istifadəsi qaydalarını pozanlar, tullantıları urnalardan kənara atan və xırda xuliqanlıq edənlər də müəyyən edilib.
Ümumilikdə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 70-dən artıq şəxs barəsində inzibati tədbir görülüb, onlarla profilaktik söhbətlər aparılıb.
Sakinlərin rahatlığını pozan halların qarşısını almaq məqsədilə polis əməkdaşlarının kompleks tədbirləri davam etdirilir.
DOĞRU.AZ