Respublika ərazisində müşahidə olunan yağışlı və çiskinli hava şəraiti yollarda təhlükəsizliyin təmin olunması üçün daha çox diqqət tələb edir.
Doğru.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) müraciət yayaraq sürücülərə hava və yol şəraitinə uyğun olaraq ehtiyatlı hərəkət etməyi tövsiyə edib.
Qurumun məlumatında bildirilir ki, belə hava şəraitində yol örtüyü sürüşkən olur, görmə məsafəsi məhdudlaşır və tormoz məsafəsi uzanır. Bu isə həm sürücülər, həm də piyadalar üçün əlavə risk yaradır.
BDYPİ sürücülərə sürət həddini azaltmağı, ara məsafəsini artırmağı, avtomobilin texniki sazlığını – xüsusilə işıq cihazları və şüşəsilənləri – yoxlamağı tövsiyə edir.
Müraciətdə həmçinin piyadalara da xəbərdarlıq edilir. Qeyd olunur ki, onlar yalnız müəyyən edilmiş keçidlərdən istifadə etməli, səki ilə hərəkət etməli və mümkün qədər açıq rəngli, işıq əks etdirici elementləri olan geyimlərə üstünlük verməlidirlər. Bu, onların qaranlıqda daha tez görünməsinə kömək edir.
Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarını təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
DOĞRU.AZ




























