Yollarda müşahidə olunan ən təhlükəli hallardan biri piyadaların yol hərəkəti qaydalarına laqeyd yanaşmasıdır. Bəzən insanlar yaxınlıqda yeraltı və ya yerüstü keçid olduğu halda sədləri aşaraq və ya yolun hərəkət hissəsinə çıxaraq öz həyatlarını təhlükəyə atırlar.
Doğru.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) piyadalara ünvanlanan növbəti müraciətində bildirilib.
Aparılmış araşdırmalara görə, piyadaların vurulması ilə nəticələnən hadisələrin 90 faizdən çoxu məhz keçidlərdən kənarda baş verir. Bu, bir daha göstərir ki, qaydalara əməl etmək sadəcə tövsiyə deyil, həyatın qorunması üçün vacib şərtdir.
Qeyd olunub ki, əgər piyadanın qayda pozuntusu nəticəsində yol-nəqliyyat hadisəsi baş verərsə və bu, xəsarət və ya ölümə səbəb olarsa, bu hal cinayət məsuliyyəti yaradır.
BDYPİ qarşıdan gələn payız-qış mövsümünü nəzərə alaraq piyadalara bir daha müraciət edib:
— Yolu yalnız piyada keçidlərindən keçin;
— Görünmə məhdud olduğu şəraitdə və qaranlıq vaxtı ehtiyatlı olun;
— Parlaq geyimlər geyinin;
— Avtomobillərin səsini eşitmək üçün qulaqlıqlardan istifadə etməyin.
“Məlumatlı olun, qaydalara əməl edin — bu, sizin və ətrafınızdakı insanların həyatının təminatıdır”, – deyə müraciətdə vurğulanıb.
DOĞRU.AZ