Həftəsonları paytaxt və bölgələr arasında intensiv hərəkət müşahidə olunur. İstirahət və səfər məqsədilə yola çıxan sürücülərin sayının artması magistral və əsas avtomobil yollarında nəqliyyatın sıxlığına və qəza riskinin yüksəlməsinə səbəb olur.
Doğru.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə respublika ərazisində nəzarət-profilaktik tədbirlər gücləndirilib və patrul xidmətinin fəaliyyəti intensivləşdirilib.
Qurum sürücülərə müraciət edərək səfərə çıxmazdan əvvəl avtomobilin texniki sazlığını yoxlamağı, nasaz nəqliyyat vasitəsilə yola çıxmamağı, sürət həddinə və manevretmə qaydalarına ciddi riayət etməyi tövsiyə edib.
Müraciətdə həmçinin qeyd olunub:
“Hərəkət zamanı hava şəraitini və yolun vəziyyətini nəzərə alın, uzun məsafələrdə fasilələrlə hərəkət edin, yorğun və yuxusuz halda sükan arxasına əyləşməyin.”
Yol Polisi bir daha sürücüləri diqqətli olmağa və qaydalara əməl etməyə çağırıb.
DOĞRU.AZ




























