Sürücülərin yuxulu və ya yorğun vəziyyətdə yola çıxması ağır nəticəli qəzaların əsas səbəblərindən biridir.
Doğru.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisinin müraciətində qeyd olunur.
Bildirilib ki, nəqliyyat vasitələrinin yoldan çıxaraq aşması və ya yol kənarındakı maneələrə çırpılması ilə nəticələnən hadisələrin təhlili göstərir: bu qəza növünün əsas səbəblərindən biri sürücülərin yorğun və yuxusuz vəziyyətdə sükan arxasına əyləşməsidir. Belə hallarda sürücünün diqqətinin zəifləməsi və reaksiya imkanlarının aşağı düşməsi qəza riskini əhəmiyyətli dərəcədə artırır.
Qurum son dövrlər kənd təsərrüfatı və digər istehsal sahələrində çalışan işçilərin daşınması zamanı sürücülərin iş və istirahət rejiminə lazımi nəzarətin olmamasını xüsusi qeyd edib. Səhər saatlarında yuxusuz halda yola çıxmaq, uzun məsafələri fasilə vermədən qət etmək sürücünün yuxulama və diqqət yayılması riskini artıraraq ağır nəticəli qəzalarla nəticələnir.
Müraciətdə hüquqi və fiziki şəxslərə çağırış edilib ki, işçilərin daşınması zamanı yalnız saz vəziyyətdə olan, təhlükəsizlik tələblərinə cavab verən nəqliyyat vasitələrindən istifadə olunmalı, sürücülərin iş və istirahət rejiminə ciddi nəzarət edilməlidir. Yorğun və yuxusuz halda sürücülərin sükan arxasına keçməsinə şərait yaradılması yolverilməzdir.
“Unudulmamalıdır ki, hər bir işçinin həyatı və sağlamlığı onların daşınmasını təşkil edən şəxslərin birbaşa məsuliyyətidir”, – deyə müraciətdə vurğulanıb.
DOĞRU.AZ




























