image-2000x150px
image-b4b94c7210aed89083330b3537746b17backend

“Abituriyentlərin imkanı olsa, Azərbaycan universitetlərini seçməzlər” – ilginc iddia

image-728x90px

Təhsil eksperti: “Nəticələrə daha çox repetitor, hazırlıq kursları müsbət təsir göstərib”

Ötən həftə ali təhsil müəssisələrinin bakalavr pilləsi üzrə keçirilən qəbul imtahanlarının nəticələri açıqlandı. Ekspertlərin rəyinə görə, bu dəfə də Dövlət İmtahan Mərkəzi imtahanları yüksək səviyyədə təşkil etmişdi və builki imtahanlar əvvəlki illərdən öz məzmununa görə fərqlənirdi. Belə ki, tələbələr daha geniş imtahan prosesinə cəlb edilmişdilər.

Bəs builki imtahan nəticələri qaneedicidirmi? Qarşıdan yeni tədris ili gəlir, təhsilin səviyyəsini artırmaq üçün hansı yeni təhsil proqramlarına ehtiyac var?

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a danışıb:

“Məlum olduğu kimi, hazırda nisbi olaraq pandemiya dövrünü başa vurmuşuq və etiraf edək ki, pandemiya tədrisin təşkilinə, keyfiyyətinə öz təsirini göstərdi. Bunun mənfi və yaxud müsbət təsir olduğunu daha sonra daha dəqiq demək mümkün olacaq.

Bununla belə, bu il birinci ixtisas qrupunda nəticələr son 15 ildə bəlkə də ən yaxşı nəticə olaraq tarixə keçdi. Yəni birinci ixtisas qrupunda hələ bu qədər yüksək nəticə olmamışdı. Halbuki biz düşünürdük ki, pandemiya dövründə bu ixtisas üzrə fənlərin tədrisində çətinliklər yaranacaq və proqnozlaşdırırdıq ki, həmin fənlər üzrə nəticələr zəif olacaq. Beləliklə, pandemiya öz təsirini bilik vermə baxımından o qədər dəyişməsə də, keyfiyyət baxımından bilavasitə dəyişəcək və ekspert olaraq bunu proqnozlaşdırırıq.

Builki qəbul imtahanlarının nəticələri bir daha onu göstərdi ki, bu, orta məktəblərin nəticələri deyil. Çünki məlum olduğu kimi, orta məktəblərdə onlayn təhsil o qədər də keyfiyyətli alınmamışdı. Bu daha çox  repetitorların, hazırlıq kurslarının nəticəsi idi ki, özünü  göstərdi. Buradan da belə çıxır ki, orta məktəblər uşaqlara maneədir. Uşaqlar orta məktəblərə getmədikləri üçün repetitor yanına, hazırlıq kurslarına getdilər və daha yaxşı nəticə əldə etdilər.

Burada ikinci məsələ təbii ki, qəbul imtahanlarının qruplar üzrə nəticələrinin təhlilidir. Buradan da görürük ki, nəticələrdə daha çox repetitor, hazırlıq kursları müsbət təsir göstərib.

Qeyd etdiyim kimi, builki birinci ixtisas üzrə keçirilən imtahanların nəticələri son 15 ildə ən yüksək göstərici idi və bu da bal artımına gətirib çıxartdı. Əminliklə deyə bilərəm ki, bu il müəllim ixtisası və yaxud digər ali təhsil müəssisələrinin qəbul plan yerinin dolmasına, yüksək bal formalaşmasına heç də həmin universitetlərin reytinqi təsir göstərmədi. Sadəcə, bizim abituriyentlərin başqa seçimi yoxdur. Məsələn, birinci qrupda Bakı Dövlət Universitetində riyaziyyat fənni üzrə müəllimliyin  balı yüksək oldu. Bu ona görə yüksək idi ki, daha çox abituriyent informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter elmləri və kompüter mühəndisliyi ixtisaslarını seçdilər və onların  başqa alternativ seçimləri də yox idi. Əvvəlki  illərdə 250-300 balla formalaşmış ixtisasların balları bu il təxminən 50-60 bal artdı. Yəni bu həmin  ixtisasların perspektivliyinin artması, onlara marağın artması kimi  qiymətləndirilmir, sadəcə olaraq, süni şəkildə imtahanın asanlaşması fonunda baş verir. Məsələn, hər il ən çox abituriyentin kəsildiyi üçüncü ixtisas qrupunda bu il Dillər Universitetində nə qədər yer boş qaldı. Həmçinin Pedaqoji Universitetdə ingilis, fransız dili yerləri demək olar ki, boş qaldı. Halbuki ötən illərdə ən yüksək ballarla bu ixtisaslara qəbul həyata keçirilmişdi. Yəni qəbulun nəticəsi çox təəssüf ki, imtahanla birbaşa bağlıdır və burada heç bir keyfiyyət artımından söhbət gedə bilməz. Bəli, bu il birinci ixtisas qrupunda yüksək bal toplayanların sayı çox olsa da bu, imtahanların məzmunu ilə bağlıdır.

Hesab edirəm ki, qəbul imtahanların nəticələrinin normal, stabil olması üçün burada ən vacib məqam həqiqi imtahan modellərindən istifadə edilməlidir. Yəni bu il süni şəkildə Dövlət İmtahan Mərkəzi sualları asanlaşdırdı, nəticələr yüksək oldu, buna əsaslanıb, təhsilimizin səviyyəsinin yüksəldiyini deyə bilmərik.

Məsələn, bu il ikinci ixtisas qrupunda ötən illə müqayisədə yerlər azaldı, yəni beynəlxalq münasibətlər üçüncü qrupa keçdi, amma nəticə yenə də dəyişmədi. Yəni yüksək bal toplayan abituriyentlərin sayında dəyişiklik müşahidə etmədik. Bu onu göstərir ki, qəbul  imtahanlardakı sualların ağırlığı imtahan nəticələrinə birbaşa təsir edir. Və yaxud dördüncü ixtisas qrupunda plan yerinin azalmasının fonunda ballar qalxdı. Bütün bunlar  süni müdaxilə olan məsələdir. Burada vacib məsələ mütəxəssisin yetişdirilməsidir. Bu gün universitetlər deyir ki, yerləri plan üzrə 80-90  faiz dolub. Amma nəyin hesabına dolub? Əlbəttə ki, yüksək ballı abituriyentlərin sayının çoxalması hesabına. Bu gün abituriyentlərimizin əlində imkan olsa heç Azərbaycan universitetlərini seçməzlər. Buna ən yaxşı nümunə, dördüncü ixtisas qrupu üzrə 700 bal toplayan Nigar Ağazadə Azərbaycan universitetini deyil, qardaş Türkiyə universitetini seçdi.

Daha bir fakt, beşinci ixtisas qrupu üzrə 60 balla dövlət universitetinə daxil olan oldu. Dörd ildən sonra bu mütəxəssis əmək bazarına hansı töhfəsini verəcək? Təsəvvür edin, 1992-ci ildə də 200 balla universitettə daxil olmaq mümkün idisə, üstündən 30 il keçib və indi də 150-200 balla universitetə daxil olanlar var və hələ də narazıyıq. Bu o deməkdir ki, bizim yoxlama ölçü alətlərimiz, qiymətləndirmə meyarlarımız doğru deyil. Bu artıq dəyişməlidir.

Hansı təhsil proqramları hazırlanmalıdır? Deyərdim ki, biz daha çox ixtisaslaşmaya getməliyik. Yəni birmənalı olaraq vahid ixtisas üzrə seçim  etməliyik. Məsələn, əgər mən tarixçi olmaq istəyirəmsə, tarixdən və yaxud riyaziyyatçı olmaq istəyirəmsə riyaziyyatdan imtahan  verməliyəm. Tarixçi olmaq istəyən riyaziyyatdan imtahan verməməlidir. Və yaxud tibb işçisi olmaq istəyən ingilis dilindən imtahan verməməlidir, onsuz da bu fənlər orta məktəbdə keçirilib. Bu məqama xüsusi diqqət etməliyik”.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki