image-n1karobka_ads
image-123
image-1747659784431903245_1200x630backend

AKİA 2025-ci ilin ilk rübündə 2480 kənd təsərrüfatı texnikasının satışını maliyyələşdirib

Aqrar sahənin texniki təminatının gücləndirilməsi istiqamətində atılan addımlar davam edir. Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən 2025-ci ilin ilk üç ayı ərzində 2480 ədəd kənd təsərrüfatı texnikası və avadanlığının satışına maliyyə dəstəyi göstərilib.

Doğru.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsi məlumat yayıb. Bildirilir ki, maliyyələşdirilən texnikalar sırasında 10 taxılyığan kombayn, 613 traktor və 1857 müxtəlif təyinatlı texnika və avadanlıq yer alır.

Proqram çərçivəsində fermerlər texnikanı 20% ilkin ödəniş etməklə əldə edə bilirlər. Qalan məbləğin 40%-i AKİA tərəfindən subsidiya şəklində ödənilir, digər 40%-i isə banklar vasitəsilə 60 ay müddətinə kreditləşdirilir. Kreditin əsas məbləği fermerin, faiz hissəsi isə AKİA-nın üzərinə düşür.

Bu mexanizm fermerlərin müasir texnikaya əlçatanlığını artırmaqla yanaşı, kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsinə və aqrar sahənin rəqabət qabiliyyətinin güclənməsinə şərait yaradır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki