Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin əməkdaşları Kənd Təsərrüfatı Nazirliyi və “Aqrar Tədarük və Təchizat” ASC-nin birgə təşkilatçılığı ilə keçirilən 25-ci Yubiley Arıçılıq Məhsullarının Ənənəvi Respublika sərgi-satış yarmarkasında arıçılar arasında sorğu aparıblar.
Doğru.az xəbər verir ki, sorğunun məqsədi arıçılıqla məşğul olan şəxslərin təlim ehtiyaclarını müəyyən etmək və bu sahədə daha məqsədyönlü maarifləndirici fəaliyyətlər planlaşdırmaq olub. Yarmarkada 11 iqtisadi rayon üzrə 173 arıçı sorğuda iştirak edib, fəaliyyət göstərdikləri bölgələrə uyğun dəstək sahələrini və gələcək təlim mövzularını paylaşıb.
Toplanmış məlumatlara əsasən, növbəti ildə hər iqtisadi rayonun iqlim və təsərrüfat xüsusiyyətləri nəzərə alınaraq, bölgələrə uyğun ixtisaslaşmış arıçılıq təlimləri təşkil olunacaq. Təlim proqramlarında arıçılıq sektorunun mövcud vəziyyəti, mövsümi qulluq işləri, arıların xəstəlikləri və zərərvericilərlə mübarizə, eləcə də təsərrüfatlarda profilaktik tədbirlər kimi mövzular əhatə olunacaq.
Qeyd olunub ki, bu cür sorğular Aqrar Təlim Mərkəzinə fermer və sahibkarların ehtiyaclarına uyğun təlimlər hazırlamağa və bilik-bacarıqlarını daha səmərəli artırmağa imkan verir.
DOĞRU.AZ




























