Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli mayın 20-də Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında vətəndaşlarla görüş keçirib. Görüşdə Goranboy rayonu və Gəncə şəhərindən olan vətəndaşların müraciətləri dinlənilib, ərizə və şikayətlərə baxılıb.
Bu barədə Doğru.aza Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən məlumat verilib. Bildirilib ki, vətəndaşların müraciətləri əsasən işlə təminat, ərzaqlıq buğda ilə bağlı müqavilələr, texnikaların icarəyə verilməsi, baytarlıq xidmətləri və digər məsələlərlə bağlı olub.
Azad Cəfərli hər bir müraciəti diqqətlə dinləyib, qaldırılan məsələlərin operativ və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verib. Müraciətlərin bir qismi yerindəcə həll olunub, digərləri isə araşdırılması və nəzarətə götürülməsi üçün qeydə alınıb. Nazirliyin səlahiyyətlərinə daxil olmayan məsələlər aidiyyəti qurumlara çatdırılmaq məqsədilə qeydiyyata alınıb.
Görüş zamanı Aparat rəhbəri Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafına dair imzaladığı sərəncamların bu sahədə çalışanların rifahının yüksəlməsinə və ölkədə aqrar sektorun davamlı inkişafına mühüm töhfə verdiyini vurğulayıb. Görüşdə iştirak edən vətəndaşlar da onlara göstərilən diqqətə görə dövlət başçısına təşəkkürlərini bildiriblər.
Daha sonra Azad Cəfərli Goranboy DAİM-in kollektivi ilə görüşərək Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyat və yeniliklər, əkin bəyanı və iş prosesinin təşkili ilə maraqlanıb, əməkdaşlara tövsiyələrini çatdırıb.
Səfər çərçivəsində Azad Cəfərli rayonun Hacallı kəndində yerləşən “Blue River” MMC-yə məxsus taxıl və qarğıdalı sahələrinə də baxış keçirib. Fermerlərlə söhbət zamanı dövlətin aqrar sahəyə dəstək mexanizmləri, taxılçılığın inkişaf perspektivləri və qarğıdalı sahələrinin cari vəziyyəti müzakirə olunub.
DOĞRU.AZ