Qazaxıstan dünyada iri taxıl ixracatçısı kimi mövqeyini getdikcə möhkəmləndirir. Bu barədə AZƏRTAC, Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bildirilir ki, 2024–2025-ci illər mövsümündə – sentyabrdan aprelin sonunadək – taxıl və unun (taxıl ekvivalentində) ixracı 10 milyon ton təşkil edib. Bu göstərici əvvəlki mövsümlə müqayisədə 37,4 faiz artım deməkdir.
Qazaxıstan kənd təsərrüfatı nazirinin müavini Azat Sultanov qeyd edib ki, beşillik fasilədən sonra Azərbaycan, Gürcüstan və Türkiyəyə taxıl tədarükü bərpa olunub.
“İtaliyaya sərt buğda növlərinin ixracı artır. Hazırda biz Belçika, Polşa, Portuqaliya, Norveç və Böyük Britaniya kimi qeyri-ənənəvi Avropa bazarlarına çıxış əldə edirik. Eyni zamanda, Mərakeş və BƏƏ də məhsullarımıza maraq göstərir”, – deyə Sultanov əlavə edib.
Ən diqqətçəkən məqam isə Azərbaycanın Qazaxıstandan taxıl idxalını 113 dəfə artırmasıdır. Belə ki, 2024/2025-ci illər mövsümündə sentyabr–aprel aylarında Azərbaycana taxıl və unun (taxıl ekvivalentində) idxalı 5 min tondan 569 min tona yüksəlib.
Bu rəqəm Azərbaycanla Qazaxıstan arasında ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlığın gücləndiyini və yeni ticarət imkanlarının açıldığını göstərir.
DOĞRU.AZ