Dekabrın 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna arasında telefon danışığı baş tutub.
Doğru.az xəbər verir ki, söhbət zamanı Azərbaycan–Estoniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, həmçinin regional və qlobal proseslər müzakirə olunub.
Ölkələr arasında siyasi dialoqun intensivləşməsi, qarşılıqlı səfərlərin artması məmnunluqla qeyd edilib. Beynəlxalq platformalarda göstərilən qarşılıqlı dəstəyin önəmi vurğulanıb və bu çərçivədə əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Telefon danışığı zamanı estoniyalı nazir Marqus Tsahkna Estoniyanın Azərbaycandakı səfirliyinin 2026-cı ildə açılması ilə bağlı rəsmi qərarın qəbul edildiyini bildirib.
Ceyhun Bayramov isə bu qərarı yüksək qiymətləndirərək, səfirliyin açılmasının iki ölkə münasibətlərinə yeni müsbət dinamika qatacağını qeyd edib. Görüşdə digər ikitərəfli və regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
DOĞRU.AZ




























