Mayın 24-25-də Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Doğru.az-a məlumat verilib.
Yarmarkanın məqsədi yerli fermerlərin məhsullarının satışına dəstək, onların alternativ bazarlara çıxışını təmin etmək və şəhər sakinlərini təbii, yerli və sağlam məhsullarla təmin etməkdir.
Yarmarkada 20-yə yaxın regiondan 50-yə qədər fermer, 150-dən çox çeşiddə kənd təsərrüfatı və qida məhsulları təqdim edəcək.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məhsulların keyfiyyətinə nəzarət edəcək. Alıcılarda şübhə yarandığı halda, Səyyar Qida Laboratoriyası vasitəsilə məhsulların analizi aparıla bilər.
Yarmarka saat 09:00-dan 19:00-dək, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında — “Gənclik” metrosunun yaxınlığında təşkil olunacaq.
Fermerlərə piştaxta, tərəzi və digər avadanlıqlar ödənişsiz təqdim ediləcək.
DOĞRU.AZ