image-2000x150px
image-123
image-ads_atlas
image-116341backend

Bakıdakı dəhşətli yanğından altı il keçir – FOTO

image-728x90px

Bakının Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından altı il ötür. 

2015-ci ilin mayın 19-da, səhər saatlarında baş vermiş yanğın hadisəsi nəticəsində dördü uşaq olmaqla, 15 nəfər ölüb, 64 nəfər isə yaralanıb.

Yanğının başlamasına binanın üzərinə çəkilmiş penoplast üzlüklərin alışması səbəb göstərilib.

Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi açılıb. Cinayət Məcəlləsinin üç maddəsi əsas götürülüb: ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, vəzifə səlahiyyətlərindən sui-istifadə və ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanıb.

Yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən “Qlobal Stone” və “Global Constuction” MMC təsisçisi Miryusif Mahmudov 3 il rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 illik azadlıqdan məhrum edilib.

Digər təqsirləndirilənlər – Uğur Bəşirov 5 il, Ələkbər Əsgərov, Qəzənfər Novruzov və Ədalət Rəcəbov hər biri 4 il, Nizami Orucov isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Məhkəmə Ağacavad Məmmədov və Akif Əlibəyova şərti cəza müəyyən edib.

Yanğın nəticəsində həlak olmuş 15 sakinin hər birinin ailəsinə 15 min manat verilib. Bundan əlavə, bina sakini olan 56 ailənin hər birinə yanğın nəticəsində zərər dəymiş əmlakına görə ilkin olaraq 20 min manat məbləğində dövlət vəsaiti hesabına birdəfəlik maddi yardım ödənilib.

Binanın təmiri üçün dövlət büdcəsindən 3 milyon manat ayrılıb. Ümumilikdə isə yuxarıda göstərilən xərclərin ödənilməsi üçün Azərbaycanın 2015-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə cəmi 5 milyon manat vəsait təqdim edilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki