Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 21-də Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Dorin Boqdan-Martin ilə görüşüb.
Doğru.az xəbər verir ki, görüşdə Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının əhəmiyyəti xüsusi vurğulanıb. Qeyd olunub ki, Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda belə mötəbər tədbirin ilk dəfə Azərbaycanda təşkili mühüm hadisədir və konfransa 2500-dən çox mütəxəssis qatılıb.
Konfrans çərçivəsində Bakıda Beynəlxalq Telekommunikasiya İttifaqının Regional Akselerasiya Mərkəzinin açılışı da müzakirə olunub. Bildirilib ki, bu mərkəz regionda innovasiya və sahibkarlığın inkişafına mühüm töhfə verəcək.
Görüşdə Azərbaycanda İKT sektorunun inkişafı, rəqəmsal infrastrukturun genişləndirilməsi, süni intellekt, bilik iqtisadiyyatı və kibertəhlükəsizlik sahəsində görülən işlər barədə məlumat verilib. Prezident İlham Əliyevin ölkədə rəqəmsal sahəni prioritet elan etdiyi və 2025–2028-ci illəri əhatə edən Süni İntellekt Strategiyasının təsdiqi xüsusi vurğulanıb.
Azərbaycanın hazırda 100 faizlik genişzolaqlı internet əhatəsi ilə regionda lider mövqeyə yüksəldiyi qeyd olunub. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə ağıllı şəhər və ağıllı kənd modelinin tətbiqi barədə geniş məlumat verilib.
Tərəflər rəqəmsal transformasiya, kibertəhlükəsizlik, elektron hökumət və digər sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Həmçinin Azərbaycanın BTİ-nin rəhbər orqanlarında təmsilçiliyinin artırılması və İttifaq Şurasında üzvlüyünün növbəti müddətə uzadılması məsələlərinə toxunulub.
DOĞRU.AZ




























