Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 14-də Qətər Dövlətinin paytaxtı Doha şəhərinə rəsmi səfər edib.
Doğru.az xəbər verir ki, səfər çərçivəsində Baş prokuror qlobal korrupsiyaya qarşı mübarizədə mükəmməllik mükafatının təqdimetmə mərasimində iştirak edib. Tədbirdə Qətər Dövlətinin əmiri Şeyx Təmim bin Həməd Al Təni, BMT-nin və Qətər Dövlətinin yüksək səviyyəli rəsmiləri, müxtəlif ölkələrin nümayəndə heyətləri və beynəlxalq ekspertlər iştirak ediblər.
Qeyd edək ki, mükafat 2015-ci ildə BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı İdarəsinin (UNODC) dəstəyi ilə təsis olunub və məqsədi korrupsiyaya qarşı mübarizəni təşviq etməkdir.
Tədbir çərçivəsində Baş prokuror Qətər Dövlətinin Qanunun Aliliyi və Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin (ROLACC) sədri Ali Al Marri ilə görüşüb. Görüşdə ölkələr arasında dostluq münasibətləri, korrupsiyaya qarşı mübarizə sahəsində təcrübə mübadiləsi və birgə layihələr müzakirə olunub.
Həmçinin Baş prokuror BMT Baş katibinin terrorçuluqla mübarizə üzrə müavini Alexander Zuyevlə görüşərək qarşılıqlı maraq kəsb edən məsələləri müzakirə edib. Azərbaycanın bu sahədə təşəbbüslərinin BMT tərəfindən dəstəkləndiyi vurğulanıb.
Səfər çərçivəsində Baş prokuror ölkəmizin Qətərdəki səfirliyini də ziyarət edib, səfirlik əməkdaşları ilə görüş keçirib.
Baş prokuror və nümayəndə heyətinin Doha şəhərində BMT-nin Korrupsiyaya qarşı Mübarizə üzrə Konvensiyasına Tərəf Dövlətlərin 11-ci Assambleyasında iştirak edəcəyi gözlənilir.
DOĞRU.AZ





























