Biləsuvar rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib.
Tədbirin əsas məqsədi toxum bazarının inkişafı, innovativ texnologiyaların tətbiqi ilə məhsuldarlığın artırılması, sahənin elmi əsaslarla inkişaf etdirilməsi və fermerlərin sertifikatlaşdırılmış toxumlara çıxış imkanlarının təmin edilməsidir.
Doğru.az bildirir ki, yarmarkada Biləsuvar və Cəlilabad rayonundan toxumçu fermerlər, həmçinin iri toxum istehsalçıları iştirak ediblər.
Rəsmi açılış mərasimində çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov qeyd edib ki, belə festivallar fermerlərin bilik və bacarıqlarını artırır, məhsuldarlığı yüksəldir və sahibkarlığın inkişafına töhfə verir. O əlavə edib ki, toxumçuluq sahəsinin inkişafı bölgədə prioritet məsələlərdən biridir və sərgi fermerlərə keyfiyyətli toxum əldə etmək imkanı yaradır.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov tədbirin əhəmiyyətini vurğulayaraq bildirib ki, bu kimi festival və sərgilər dövlət və özəl sektor arasında əməkdaşlığı möhkəmləndirir. Biləsuvarda keçirilən toxum sərgi-satış yarmarkası bu il üçün mövsümün 7-ci tədbiridir.
Yarmarka iştirakçıları sərgi stendlərində təqdim olunan toxum sortları və digər aqrar məhsullarla tanış olublar. Kənd Təsərrüfatı Nazirliyinin vahid stendində bölgəyə uyğun sertifikatlaşdırılmış toxum nümunələri nümayiş etdirilib, fermerlərə torpaq-iqlim şəraitinə uyğun toxum seçiminin əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Tədbirdə “Almeria”, “Ləyaqətli-80”, “Yubiley-90”, “Mətin”, “Balaton”, “Lider” yumşaq buğda, “Göytəpə”, “Xudafərin” bərk buğda, eləcə də “Cəlilabad-19”, “Dəyanətli” və “Finola” arpa sortları üzrə əkin materialları təqdim olunub. Fermerlər sertifikatlaşdırılmış toxumlardan istifadənin üstünlükləri barədə ətraflı məlumatlandırılıb.
DOĞRU.AZ