Biləsuvar rayonunda pambıq yığımı davam edir və əlverişli hava şəraiti torpaq sahiblərinə prosesin itkisiz aparılması üçün imkan yaradır. Yığım əsasən texnika vasitəsilə həyata keçirilir, eyni zamanda əl əməyindən də istifadə olunur.
Doğru.az xəbər verir ki, bu il Biləsuvar tarlalarında “ağ qızıl”ın yığılmasında təkcə yerli pambıqçılar deyil, Əlcəzairin Azərbaycandakı səfiri Zəkiyyə İğıl da iştirak edib.
“Bu, Biləsuvara mənim ilk səfərimdir. İlk dəfə pambıq yığdım və möhtəşəmdir, bunu həqiqətən çox xoşladım”, – deyə səfir bildirib.
Xanım səfir pambıqçılığın Azərbaycanın iqtisadiyyatında mühüm rol oynadığını qeyd edib və bölgədə kənd təsərrüfatı texnologiyaları və suvarma sistemləri barədə məlumat almağa maraqlı olduğunu vurğulayıb.
Səfər çərçivəsində səfir həmçinin Əlcəzair milli mətbəxini təbliğ edən master-klasda iştirak edib və Azərbaycan milli mətbəxinə aid yeməklərin hazırlanmasını öyrənib.
DOĞRU.AZ