Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 19-da Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş katibi Ərgüc Kələntərli ilə görüşüb.
Doğru.az xəbər verir ki, görüş zamanı BMMT ilə Azərbaycan Respublikası arasında uzunmüddətli və konstruktiv tərəfdaşlıq münasibətləri yüksək qiymətləndirilib. Baş katib Azərbaycanın təşkilata göstərdiyi davamlı dəstəyə və beynəlxalq əməkdaşlığa sadiqliyinə görə minnətdarlığını ifadə edib, ölkəmizin mülki müdafiə və fövqəladə halların idarə olunması sahəsində zəngin təcrübəyə malik olduğunu vurğulayıb.
Görüşdə Ərgüc Kələntərli Baş nazir Əli Əsədovu BMMT-də həyata keçirilən institusional islahatlar, üzvlüyün genişləndirilməsi istiqamətində görülən işlər və planlaşdırılan humanitar təşəbbüslər barədə məlumatlandırıb.
Baş nazir Əli Əsədov Azərbaycanın BMMT ilə əməkdaşlığa sadiqliyini bir daha təsdiqləyərək, beynəlxalq qurumla münasibətlərin daha da möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verdiyini bildirib.
Görüş zamanı əməkdaşlığın gələcək inkişafı ilə bağlı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
DOĞRU.AZ




























