Aqrar Sığorta Fondunun 2020–2024-cü illərdəki fəaliyyəti dövründə fermerlərə yanğın riski üzrə ümumilikdə 28 min 762 manat məbləğində sığorta ödənişi həyata keçirilib.
Doğru.az xəbər verir ki, həmin illər ərzində 16 rayondan olan sığortalı fermerlər tərəfindən yanğın hadisəsi ilə bağlı 21 müraciət daxil olub. Araşdırmalar nəticəsində 16 hadisə üzrə əkin sahələrinə zərər dəydiyi müəyyən edilib.
Məlumata görə, bəzi sahələr üzrə dəymiş zərərlər azadolma məbləğindən az olduğundan, yekunda fermerlərə ümumilikdə 28 min 762 manat sığorta ödənişi edilib. Ən çox ödənişlər Ağcabədi, Qusar, Biləsuvar, Şabran, Neftçala, Ağsu və İsmayıllı rayonlarında həyata keçirilib.
Xatırladaq ki, aqrar sığorta mexanizmi fermerlərin təsərrüfatlarını dolu, fırtına, sel, şaxtavurma, normadan artıq qar yağıntıları, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkəti və digər risklərdən qoruyur. Risklərdən biri də yanğın hadisələridir.
Fermerlərin yükünü azaltmaq məqsədilə dövlət sığorta haqqının 50 faizini ödəyir. Bu səbəbdən fermerlər təsərrüfatlarını cüzi vəsaitlə sığortalamaq imkanı əldə edirlər.
DOĞRU.AZ