image-2000x150px
image-123
image-ads_atlas
image-ictimai_9734254f5b40ccc19551dec16794cd4d_37mv05pbtcxf8qj1azsibackend

Gəncə Dövlət Universitetində “Psixologiya elminin maraqlı və məsuliyyətli yolları” mövzusunda elmi-praktik konfrans keçirilib

image-728x90px

21 noyabr 2023-cü il tarixində Gəncə Dövlət Universitetində Ulu Öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində Gəncə Dövlət Universitetinin və “Loqos” Psixoloji və Nitq Mərkəzinin birgə təşkilatçılığı ilə “Psixologiya elminin maraqlı və məsuliyyətli yolları” mövzusunda elmi-praktik konfrans keçirilib.

Tədbirdə Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva, Psixologiya üzrə fəlsəfə doktoru, dosent, Gəncə Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri Zümrüd Cavadova, “Loqos” Psixoloji və Nitq Mərkəzinin baş psixoloqu, Psixologiya üzrə fəlsəfə doktoru Elmira Mirzəyeva, “Loqos” Psixoloji və Nitq Mərkəzinin regional direktoru Günay Hüseynova, universitetin professor-müəllim heyəti, “Loqos” Psixoloji və Nitq Mərkəzinin əməkdaşları, tələbələr və onların valideynləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva bildirib ki, “Loqos” Psixoloji və Nitq Mərkəzi ilə Gəncə Dövlət Universiteti arasında əməkdaşlıq çərçivəsində birgə fəaliyyətin həyata keçirilməsi təqdirəlayiqdir və bu məqsədlə görülən işlər nəticəsində tələbələrin bilik və bacarıqları daha da artmaqdadır. Bugün tələbələrin praktiki psixologiyanın öyrənməsində, onların peşə səriştəsinin artmasında “Loqos” Psixoloji və Nitq Mərkəzinin müstəsna yeri var.

Psixologiya üzrə fəlsəfə doktoru, dosent, Gəncə Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri Zümrüd Cavadova tədbirin keçirilməsinə görə “Loqos” Psixoloji və Nitq Mərkəzinin rəhbəri Təranə Paşayevaya minnətdarlığını bildirərək, tədbir iştirakçılarına uğurlar arzu edib, bundan sonra da “Loqos” Psixoloji və Nitq Mərkəzi ilə Gəncə Dövlət Universiteti arasında əməkdaşlığın davam edəcəyini bildirib. Zümrüd Cavadova öz çıxışında qeyd edib ki, əməkdaşlıq çərçivəsində mütəmadi şəkildə universitetin tələbələri “Loqos” Psixoloji və Nitq Mərkəzində yüksək səviyyədə təcrübə proqramında iştirak edir və həm tələbələr, həm də onların valideynləri təcrübə nəticələrindən razı qaldıqlarını bildirirlər. Hal-hazırda Gəncə Dövlət Universitetinin məzunları “Loqos” Psixoloji və Nitq Mərkəzinin Bakı şəhəri və regionlarda yerləşən filiallarında fəaliyyət göstərirlər.

“Loqos” Psixoloji və Nitq Mərkəzinin baş psixoloqu, Psixologiya üzrə fəlsəfə doktoru Elmira Mirzəyeva çıxış edərək, tədbir iştirakçılarını salamlayıb. Elmira Mirzəyeva praktik psixologiya sahəsində nədən və necə başlamalı, bu sahədə necə peşəkar və uğurlu fəaliyyət göstərməli, hansı məqamlara diqqət edilməli, çətinliklər və onların necə həll olunması barədə öz bilik və bacarıqlarını tədbir iştirakçıları ilə bölüşüb.

“Loqos” Psixoloji və Nitq Mərkəzinin regional direktoru, psixoloq Günay Hüseynova çıxışında artıq 10 ildir fəaliyyət göstərən “Loqos” Psixoloji və Nitq Mərkəzin ölkəmizin ən böyük psixoloji mərkəzi paytaxt Bakıda və regionlarda 10 filialla fəaliyyətini davam etdirdiyini qeyd edib. Mərkəzin bütün psixoloji problemlərlə bağlı peşəkar fəaliyyətini layiqincə davam etdirdiyini bildirən Günay Hüseynova, bundan sonra da xalqımızın psixoloji sağlamlığının formalaşması istiqamətində uğurlu fəaliyyətini davam etdirəcəyini bildirib. Günay Hüseynova “Loqos” Psixoloji və Nitq Mərkəzi tərəfindən tələbələrin elmi bilikləri və praktiki bacarıqlarının artırılması istiqamətində hər cür şəraitin yaradıldığını söyləyib.

“Loqos” Psixoloji və Nitq Mərkəzinin klinik psixoloqu Sona Davudova çıxışı zamanı müasir dövrdə psixi sağlamlıq mövzusundan öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüb. Psixoloq günümüzdə baş verən dəyişikliklər fonunda cəmiyyətin psixi sağlamlıq dərəcəsi, əsas üzləşilən problemlər, psixologiya sahəsində praktiki bacarıqların əhəmiyyəti barədə çıxış edib. Sona Davudova qeyd edib ki, bu sahədə fəaliyyət göstərəcək şəxslər psixologiyanın hansı sahəsi üzrə davam etmək istədiyini bilməlidir. Ümumiyyətlə, hər bir psixoloqun seçdiyi istiqamətdən asılı olmadan bilməsi gərəkən bacarıqlar var ki, buna psixi inkişaf dövrləri, psixoloji testlərin tətbiqi, psixoterapevtik ünsiyyətin əsasları aiddir.

“Loqos” Psixoloji və Nitq Mərkəzinin psixoloqu Taciyə Mehdisoy ailədən gələn travma, travma sonrası stres pozuntusu, onun əlamətləri, pozuntunun simptomları haqqında çıxış edib, tədbir iştirakçılarına öz tövsiyələrini bildirib.

Daha sonra Gəncə Dövlət Universitetinin tələbələri – Psixologiya ixtisasının tələbəsi Selcan Xoyluzadə, Təhsildə Sosial Psixologiya ixtisasının tələbələri Tərlan Qəhrəmanova, Tahirə Məlikova, Xumar Rüstəmova, Məktəbəqədər təhsil ixtisasının tələbəsi Röya Əliyeva, İbtidai təhsilin pedoqogikası və metodikası ixtisasının tələbəsi Aysu Vəliyeva cinayətkarın psixologiyası, fobiyalar, psixi sağlamlığın insan həyatına təsiri, xoşbəxtliyin sirləri mövzularında çıxış ediblər.

Tədbirdə iştirak edən Psixologiya ixtisasının tələbəsi Selcan Xoyluzadənin valideyni bu peşənin incəliklərinin yiyələnməsi istiqamətində yaradılan şəraitə, həyata keçirilən tədbirlərə, layihələrə və nümunəvi fəaliyyətə görə “Loqos” Psixoloji və Nitq Mərkəzinin rəhbəri Təranə Paşayevaya və Mərkəzin peşəkar mütəxəssislərinə öz minnətdarlığını bildirib.

Çıxışlar bitdikdən sonra tədbir interaktiv diskusiya ilə davam edib, iştirakçıları maraqlandıran suallar “Loqos” Psixoloji və Nitq Mərkəzinin mütəxəssiləri tərəfindən cavablandırılıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki