Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Dövlət Turizm Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə Göyçay şəhərində 16-cı ənənəvi “Nar Festivalı” keçirilib.
Doğru.az xəbər verir ki, festival minlərlə insanı – yerli sakinləri, qonaqları, dövlət və hökumət nümayəndələrini, Milli Məclisin deputatlarını, həmçinin yerli və xarici iş adamlarını bir araya gətirib.
Tədbir çərçivəsində narla bağlı yarışlar və müsabiqələr, xalq sənətkarlığının nümayişi və bölgəyə məxsus mədəniyyət nümunələri təqdim olunub. Nar şahzadəsi mərasim meydanına daxil olaraq qonaqları salamlayıb, xalqımıza bolluq və ruzi-bərəkət arzulayıb. Festivalda rayonun 30-dan çox kəndinin nar və nar məhsulları sərgiləri, kitab sərgisi, əl işləri və qədim sənət növləri nümayiş etdirilib.
Göyçay küçələrində folklor ansamblları, xor kollektivləri, rəqs və musiqi qruplarının çıxışları ilə şənlik havası hökm sürüb. Qonaqlar nar şirəsi, nar şərabı, nardançadan hazırlanan şirniyyatlar, milli yeməklər və desertlər dadıblar. Həmçinin festival boyu şeirlər, mahnılar, rəqslər və bədii özfəaliyyət proqramları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Axşam saatlarında tanınmış incəsənət ustalarının iştirakı ilə möhtəşəm konsert proqramı və rəngarəng atəşfəşanlıq tədbiri başa çatdırıb.
Qeyd edək ki, 2006-cı ildən keçirilən “Nar Festivalı” Azərbaycanın kənd təsərrüfatı və aqrar mədəniyyətinin bir hissəsi kimi aqroturizmin inkişafına töhfə verir. Göyçayda yüksək keyfiyyətli müxtəlif nar növləri yetişdirilir və bu məhsullar xarici bazarlarda tanınır. 2020-ci ildə festival UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.
DOĞRU.AZ




























