Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ABŞ-ın sülh gündəliyinə verdiyi dəstəkdən danışıb.
Doğru.az xəbər verir ki, H.Hacıyev “The Washington Times” qəzetinə açıqlamasında bildirib ki, Donald Tramp administrasiyasının dərhal qarşılıqlı yanaşması və tam şəkildə prosesə cəlb olunması xüsusilə təqdirəlayiqdir.
Hacıyev vurğulayıb ki, ABŞ tərəfindən Azərbaycana qarşı bəzi məhdudiyyətlərin davam etdirilməsi sülh prosesinə ziddir. O, həm Azərbaycan, həm də Ermənistan hökumətlərinin sülhün möhkəmləndirilməsi istiqamətində çətin yol qət etdiyini qeyd edib. Eyni zamanda, ABŞ Konqresində bəzi dairələrin zəruri olmayan qanunvericilik təşəbbüslərinin münasibətlərə mənfi təsir göstərdiyini bildirib.
H.Hacıyev əlavə edib ki, Azərbaycan Ermənistanla iqtisadi əlaqələri genişləndirir: neft məhsullarının ixracı və taxıl tədarükü bu addımlara daxildir. Onun sözlərinə görə, bu addımlar simvolik görünə bilər, amma mühüm geosiyasi məna daşıyır. “Biz yalnız Ermənistan hökuməti ilə deyil, Ermənistan xalqı ilə də sülh qururuq”, – deyə o bildirib.
Prezident Administrasiyasının şöbə müdiri həmçinin Azərbaycanın dini plüralizm modelini vurğulayıb: ölkədə yəhudi, xristian və müsəlman icmaları əsrlər boyu yanaşı yaşayır, bu da Azərbaycanın qeyri-sabit regionda Qərb üçün təbii tərəfdaş olmasını təmin edir. H.Hacıyev bildirib ki, sülh gündəliyinə qərarlılıqla davam edirik və Tramp administrasiyasının tam dəstəyini görürük.
DOĞRU.AZ




























