“SEN1SEN” mərkəzinin təşkilatçılığı ilə keçirilən Azərbaycan Mədəniyyəti Həftəsi çərçivəsində Kassini şəhərindəki “Palazzo Mandrilli” qalereyasında azərbaycanlı fotoqraf Aydın Mehdiyevin “Həyatın rəngləri” adlı fərdi fotosərgisinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, sərgidə 50-dən çox fotoşəkil təqdim olunub və Azərbaycanın təbii gözəlliyini bütün rəngarəngliyi ilə əks etdirir. Aydın Mehdiyev əsas vurğunu əsərlərdə emosional təəssüratlara yönəldir və rəng çalarları vasitəsilə bütöv mənzərələri göstərməyə çalışır. Onun kompozisiyaları canlı orqanizm təəssüratı yaradır, bəzi kadrlarda isə rəqəmlər və fon arasında bölünmə yoxdur; boşluq və natamamlıq hiss olunmur. Foto kadrları əsas və ikinci dərəcəli rənglərin kontrast qanunlarına əsaslanan dekorativ panno kimi təqdim olunur.
Aydın Mehdiyev texnika elmləri doktoru, gömrük xidməti polkovniki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mexanika kafedrasının professorudur. O, 2025-ci ilin aprel ayında Beynəlxalq İncəsənət Fotoqrafları Assosiasiyası (IAAP) tərəfindən “Titan” adına layiq görülmüşdür.
AZƏRTAC-ın müxbirinə müsahibəsində Aydın Mehdiyev sərginin İtaliya ictimaiyyəti tərəfindən maraqla qarşılandığını bildirib: “Ziyarətçilər əsərləri çox maraqla seyr etdilər. Qonaqlar arasında təkcə italyanlar deyil, İtaliyada yaşayan digər millətlərin nümayəndələri də vardı. Yerli türklər sərgidən xəbər tutaraq ziyarət etdilər. Açılışda Kassini şəhərinin meri və UNESCO nümayəndələri də iştirak edib. Onlar Azərbaycan tərəfi ilə bəzi layihələr üzrə gələcək əməkdaşlığa maraq göstərirlər. Bu sərgi ilə göstərməyə çalışdım ki, Azərbaycan heç bir sahədə, xüsusən mədəniyyət sektorunda Avropa ölkələrindən geridə qalmır. Biz əməkdaşlığa açığıq, amma bərabər şərtlər altında, bu isə hər kəs üçün faydalı olardı”.
DOĞRU.AZ