Bu ilin ilk 6 ayı ərzində Aqrar Sığorta Fondu kənd təsərrüfatı heyvanlarını sığortalamış fermer və təsərrüfatlara dəyən zərərlər üzrə ümumilikdə 190 min manat sığorta ödənişi həyata keçirib.
Doğru.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, aqrar sığorta mexanizmi heyvanları yoluxucu xəstəlik, zəhərlənmə, ilan və həşərat sancması, yanğın, vəhşi heyvan hücumu, təbii fəlakətlər və üçüncü şəxslərin təsiri kimi risklərdən sığortalayır.
Hesabat dövründə Azərbaycanın 14 rayonunda sığortalanmış heyvandarlıq təsərrüfatlarında baş verən hadisələrə görə ödənişlər olunub. Ən çox sığorta ödənişi Göygöl, Samux, Qəbələ, İsmayıllı, Şamaxı və Ucar rayonlarında həyata keçirilib. Ödənişlərin əsas hissəsi yoluxucu xəstəliklər və zəhərlənmə hallarına görə edilib.
Fermerlər aqrar sığortadan 50 faiz dövlət dəstəyi ilə yararlanaraq kənd təsərrüfatı heyvanlarını daha sərfəli şərtlərlə sığortalaya bilirlər. Belə ki, 300 manat dəyərində qoyun və keçi üçün sığorta haqqı 7 manat, 1 000 manatlıq iribuynuzlu mal-qaranın sığortası isə 24,5 manatdan başlayır.
Südlük mal-qara 7 yaşınadək, ətlik mal-qara 3 yaşınadək, xırdabuynuzlu heyvanlar isə 5 yaşınadək sığortalanır. Sığorta üçün heyvanların Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatda olması zəruridir.
DOĞRU.AZ