Doğru.az xəbər verir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov mayın 30-da İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında İsmayıllı, Ağsu, Qobustan və Şamaxı rayonlarından olan vətəndaşlarla görüş keçirib.
Nazirliyin idarə və tabeli qurumlarının rəhbər şəxslərinin də iştirak etdiyi qəbulda vətəndaşların müraciətləri əsasən məşğulluq, kənd təsərrüfatı texnikasının icarəyə verilməsi, toxumçuluğun inkişafı, işğaldan azad olunmuş ərazilərdə torpaq ayrılması, sığorta ödənişləri, subsidiyalar və suvarma məsələlərini əhatə edib.
Nazir Məcnun Məmmədov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, onların operativ və qanunvericiliyə uyğun şəkildə həlli üçün aidiyyəti şəxslərə konkret tapşırıqlar verib. Bəzi müraciətlər yerindəcə həll olunub, digərlərinin isə araşdırılması və icrası nəzarətə götürülüb.
Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər qeydiyyata alınaraq müvafiq qurumlara yönləndiriləcək.
Görüş zamanı nazir Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafına yönəlmiş sərəncamlarının fermerlərin rifahına və aqrar sektorun davamlı inkişafına mühüm töhfə verdiyini vurğulayıb.
Vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlət başçısına dərin təşəkkürlərini bildiriblər.
DOĞRU.AZ