Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov mayın 31-də Şabran Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Şabran rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Doğru.az-a verilən məlumata görə, qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat, kənd təsərrüfatı təyinatlı kredit, müasir suvarma sistemlərinin subsidiyalaşdırılması, toxumçuluq və digər məsələlərlə bağlı olub.
Nazir müavini Elçin Zeynalov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Elçin Zeynalov vətəndaşlarla görüş zamanı dövlətimizin başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı Sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb.
Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Nazir müavini qəbuldan sonra Şabran DAİM-in kollektivi ilə görüşüb, yazlıq əkinlərin bəyan prosesi ilə maraqlanıb.
Daha sonra Elçin Zeynalov Şabran rayonunda salınmış müasir intensiv və superintensiv bağlara baxış keçirib, məhsul yığımının gedişi ilə maraqlanıb, bağlarda müasir aqrotexniki qulluq qaydalarının tətbiqinin zəruriliyi, məhsul ixracı, müasir bağçılığa dövlət dəstəyi mexanizmləri barədə fermerlərlə fikir mübadiləsi aparıb.
DOĞRU.AZ