Dabaq virusu mənşəli, yüksək dərəcədə yoluxucu, iti gedişli infeksion xəstəlik olub, xüsusilə cütdırnaqlı heyvanlarda bədən temperaturunun yüksəlməsi, ağız boşluğu, yelin və ətraflarda aftalı zədələnmələrlə müşayiət olunur.
Doğru.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Bayandur Rzayev məlumat verib.
Onun sözlərinə görə, dabaq virusunun 7 tipi və 60-dan çox alt tipi mövcuddur:
“Dabaq xəstəliyinə yoluxmuş heyvanlar sağlam heyvanlardan təcrid edilməlidir. Orqanizmin müqaviməti yüksək olan heyvanlarda xəstəlik yüngül, zəif olanlarda isə daha ağır formada keçir. Bu zaman ağız boşluğu, dırnaq nahiyəsi və yelində aftalar əmələ gəlir. Xəstəliyin spesifik müalicə vasitəsi yoxdur, simptomatik müalicə və vitamin-mineral komplekslərindən istifadə edilir. Xəstə heyvanlarda zədələnmiş sahələr 7-8 günə bərpa olunur, 2 həftə ərzində isə sağalırlar. Xəstəliyi keçirən heyvanlarda bir ilə qədər təbii immunitet yaranır”.
Bayandur Rzayev bildirib ki, 2023-cü ilədək ölkə ərazisində dabağın 3 tipinə qarşı peyvənd tətbiq olunurdu, həmin ildən etibarən isə 4-cü tip də proqramda yer alıb:
“Hazırda əlavə tiplərin də peyvəndlənməsi üçün araşdırmalar aparılır. Ehtiyac yaranarsa, 5-ci tip də əlavə ediləcək. Heyvan xəstəliklərinə qarşı peyvəndləmə və dezinfeksiya işləri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə birgə həyata keçirilir”.
Şöbə müdirinin sözlərinə görə, dabaq xəstəliyinin insanlara keçmə ehtimalı isə son dərəcə azdır:
“Bu ehtimal demək olar ki, yoxdur. Dabaq yalnız heyvan mənşəli çiy qida məhsullarının qəbulu zamanı keçə bilər. Azərbaycanda çiy ət və süd məhsullarının istehlakı ənənəsi olmadığı üçün dabağın insanlara keçmə ehtimalı sıfıra bərabərdir”.
DOĞRU.AZ